Ermənistan rəhbərliyi ön xəttə göndərmək üçün hərbçi tapmır. Ermənistan ordusunda yaranmış canlı qüvvə çatışmazlığı Baş nazir Nikol Paşinyanı pis vəziyyətdə qoyub.
Bunu Teleqraf.com-a politoloq Məhəmməd Əsədullazadə deyib.
Politoloq qeyd edib ki, Ermənistan Müdafiə Nazirliyi cəbhə bölgəsinə dislokasiya olunmuş hərbi hissələrə əsgər göndərməkdə çətinlik çəkir:
“Çünki ölkənin demoqrafik vəziyyəti acınacaqlıdır. Ermənistanda yoxsul ailələrin övladları da rüşvət verərək hərbi xidmətdən yayınırlar. Çünki heç kəs işğal edilmiş ərazilərdə xidmət etmək istəmir. Erməni gənclər bu ərazilərdə ölmək istəmirlər. Digər yandan, Azərbaycan ordusunun təzyiqləri Ermənistanda həyəcan yaradıb.
Artıq vəziyyət o həddə çatıb ki, Nikol Paşinyan Daxili Qoşunları işğal olunmuş ərazilərə göndərmək barədə əmr verib. Halbuki bu vaxta qədər Daxili Qoşunlar ölkənin daxili təhlükəsizliyinin təmin edilməsində iştirak edirdi.
Görünən budur ki, Azərbaycanın hərbi təlimləri işğalçı üzərində açıq üstünlüyü Paşinyanı belə bir qəribə addım atmağa məcbur edib”.
Məhəmməd Əsədullazadənin sözlərinə görə, Ermənistan Müdafiə Nazirliyindəki rüşvət alveri və intizamsızlıq, ordunun döyüş qabiliyyətinin aşağı olması, “Qarabağö klanı”nı əks həmlələri Paşinyana olan etimadı azaldıb: “Hesab edirəm ki, Paşinyan Daxili Qoşunları ön xəttə göndərməklə üstünlüyə nail olmayacaq. Əksinə bu, daxildə ciddi təlatümlərə gətirib çıxaracaq”.