"Suriya rejiminin üzündən 100 minlərlə insan məcburi köç etmək durumunda qalıb. ABŞ Suriyanın cənubundakı Dera bölgəsini İsrailin təhlükəsizliyi üçün Rusiya və Əsəd rejiminə güzəştə gedib. Məqsəd İranı o bölgəni nəzarətdə saxlamasının qarşısını almaqdır”.
Teleqraf.com xəbər verir ki, bu iddia ilə Suriya müxalifətinin yaratdığı Suriya Milli Konqresinin (SMK) rəhbəri Əbdülrəhman Mustafa çıxış edib.
Onun sözlərinə görə, hazırda 100 minlərlə suriyalı köçkün İordaniya sərhədləri yaxınlığına cəmləşib.
“Bu andan ABŞ Suriya dosyesində sahəni tamam Rusiyaya vermiş kimi görünür”,- Əbdülrəhman Mustafa deyib.
O, əlavə edib ki, Suriyanın cənub hissəsi ABŞ, Rusiya və İordaniya arasında imzalanan razılaşmaya əsasən təhlükəsizlik bölgə elan olunmuşdu:
“Lakin ABŞ bir ay əvvəl bu anlaşmadan geri çəkildi və bölgəni tamamilə Rusiya və Bəşər Əsədin ixtiyarına buraxdı. Son 10 gündə Əsədin hücumları səbəbindən Deradan qaçan 200 minə yaxın insan ac, susuz şəkildə İordaniya sərhədi yaxınlığındakı çöllərdə qalıb. İordaniya sərhəddi bağladığı üçün günlərdi orada insan faciəsi, dramı yaşanır”.
Əbdülrəhman Mustafa əlavə edib ki, bu ərazidə təhlükəsizlik zonası yaratmaq hədəfi dəyişib, əsl məqsəd Suriyanın cənubunda qonşu İsrailin təhlükəsizliyini təmin etmək olub:
"İranın bu ərazidən geri çəkilməsinə qarşılıq olaraq ABŞ bölgəni Rusiya və Əsəd rejiminə təslim edib. Razılıq İran hərbçilərinin bölgədən tamamilə çəkilməsi müqabilində əldə olunub. Bildiyim qədər İrana aid hərbi birliklər indi Deradan 140 kilometrə qədər kənara çəkilib. ABŞ Suriyada sadəcə hərbi baxımdan çəkilməyib, eyni zamanda humanitar yardımları dayandırıb. ABŞ-ın Suriyada dəstək verdiyi tək bir ərazi var. Bu da Fəratın şərqində PKK-nın Suriya qolu olan PYD-nin olduğu bölgələrdir. ABŞ və beynəlxalq toplum Suriya xalqı qarşısında öhdəliklərinin heç birini yerinə yetirmədi. Bu öhdəliklərə BMT-nin qərarları tətbiqi, humanitar yardım, müxalifət silahlı qruplarına dəstək daxildir. Beynəlxalq cəmiyyət Suriya xalqını tək qoyub. Suriyada artıq rejim hakim mövqedə deyil. Əsas mövqedə Rusiya və İrandır”.
Əbdülrəhman Mustafa əlavə edib ki, PYD-nin nəzarətində olan Rakkada YPG silahlıları tərəfindən zorlanan ərəblər Türkiyəyə yaxın olan müxalif güclərlə birlikdə Suriyanın şimalında olan Fərat bölgəsinə sığınıb:
“PYD özü kimi düşünməyən hər kəsi potensial düşmən olaraq görür. Totalitar bir idarəçilik tətbiq olunur. Rakkada çoxluq ərəblərdən ibarətdir, ancaq PYD, YPG qüvvələri orada demoqrafik tərkibi dəyişmək istəyir. Qutadan sonra Rakkanı tərk edənlər Fərat bölgəsinə gəliblər. Başqa sözlə, indi Fərat bölgəsində çoxlu sayda suriyalı toplanıb”.
Qeyd edək ki, Suriya və Rusiya təmsilçilərinin Derada müxalifətlə apardıqları danışıqlar uğurla nəticələnməyib. Bundan sonra müxalifətin nəzarətində olan ərazilərə yüzlərlə raket və bomba atılıb.
İngiltərədə fəaliyyət göstərən Suriya İnsan Haqlarının Müdafiəsi Təşkilatı bildirib ki, 15 saat ərzində Deraya 600 hava hücumu təşkil edilib. Ağır bombardmandan sonra Əsəd rejimi İordaniya ilə sərhəddəki ərazini ələ keçirib. Müxalifət ağır silahları təslim etmədiyi üçün danışıqlar dayandırılıb.
Xatırladaq ki, Əbdülrəhman Mustafanın rəhbərlik etdiyi Suriya Milli Konqresini 114 ölkə və 13 beynəlxalq təşkilat Suriya xalqının rəsmi təmsilçisi kimi tanıyıb.
Cavad