5 Avqust 2018 13:54
4 361
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın İstanbuldakı baş konsulu İbrahim Nəbioğlu Slavyan Universitetinin tələbələrinə Nobel mükafatı ilə bağlı mühazirəsində riyaziyyatçılara bu mükafatın verilməməsinin 3 variantını deyib. Onların 3-ü də düz deyil.

Teleqraf.com xəbər verir ki, bunu təhsil üzrə ekspert Etibar Əliyev deyib.

Ekspert qeyd edib ki, Alfred Nobel “Mesenat” olmaqla yanaşı həm də, ixtiraçı idi:

“Onun aparıcı elm sahələrinə verdiyi dəyər "Vəsiyyətnamə"sindən də görsənir. Məşhur sənəddə Riyaziyyatçıları ona görə nəzərdə tutmayıb ki, riyaziyyatın düsturları özündə praktik nəticə vermir. Həmin düsturlar təbiət və texniki elmlərdə daha çox tətbiqini tapır. Eynşteynin, Landaunun, Şredingerin, Əbdüs Salamın, Əhməd Zevaylın və digər alimlərin kəşflərindəki riyazi düsturlar buna əyani sübutdur.

Tarix göstərdi ki, Alfred Nobel haqlıdır. 1936-cı ildə təsis olunmuş "Filds mükafatı" Nobel mükafatı qədər nüfuzludur və laureata verilən məbləğ Nobel mükafatının məbləği qədərdir”.

İbrahim Nəbioğlu isə riyaziyyatçılarda Nobel mükafatının verilməməsinin bir neçə versiyasını irəli sürüb:

“Riyaziyyatı Nobel kimi bir mükafatdan məhrum olmaqda da jurnalistləri günahkar bilirlər. İlk dəfə bir qəzet tərəfindən ortaya atılan iddiaya görə, guya, Alfred Nobelin özündən yaşca çox gənc olan arvadının bir sevgilisi var imiş və o da ixtisasca riyaziyyatçı imiş. Və guya ixtiyar adam bunu öyrənincə Nobel mükafatının riyaziyyat sahəsinə verilməsini istəməyib. Bu iddia tamamilə cəfəngiyyatdır, çünki Alfred Nobel heç vaxt evli olmayıb.

İkinci versiya da məntiqli deyil — guya A.Nobel riyaziyyatı elm olaraq ciddiyə almırmış. Onun kimi hərtərəfli, savadlı bir insanın, dinamiti kəşf edən birinin belə düşünə bilməsi mümkün olan şey deyil.
Nisbətən ağılabatan variant, İsveç riyaziyyatçısı Mittaq-Leflerlə bağlıdır. Nobelin məhşur riyaziyyatçıya qarşı səbəbi bilinməyən bir antipatiyası olub və əgər Nobel mükafatı riyaziyyat sahəsində verilmiş olsaydı, ilk mükafata da elə Mittaq-Lefler layiq görüləcəkdi. Onun qarşısını kəsmək üçün də Alfred Nobel riyaziyyatla bağlı belə ədalətsiz qərar verir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər