“Taliban” hərəkatının nümayəndələri Moskvanın Əfqanıstanda vəziyyətin nizamlanmasına həsr olunan görüşdə iştirak etmək barədə təklifini qəbul edib. Görüş sentyabrın 4-də Rusiya paytaxtında keçirilməlidir.
Teleqraf.com-un məlumatına görə, Rusiya XİN ikinci Asiya departamentinin direktoru Zamir Kabulov bildirib ki, görüşdə Əfqanıstan, Rusiya və region ölkələrinin nümayəndələri iştirak edəcəklər. Məsləhətləşmələrin sonuncu raundu ötən ilin aprelində keçirilmişdi. Bu vaxta qədər taliblər məsləhətləşmələrdə iştirak etməyiblər, lakin bu dəfə Rusiya onların nümayəndələrini dəvət etməyi qərara alıb.
Xatırladaq ki, avqustun 19-da Əfqanıstan Prezidenti Əşrəf Qəni “Taliban” hərəkatı ilə üç ay müddətinə müvəqqəti atəşkəs elan edib. Prezidentin sözlərinə görə, atəşkəs yalnız taliblər buna qarşılıqlı cavab verəcəyi təqdirdə tətbiq olunacaq. “Taliban” hərəkatının lideri Heybətulla Axundzadə isə hökumətin atəşkəs barədə təklifini rədd edib. O bildirib ki, “Taliban” atəşkəslə razılaşmır və hökumətlə mübarizəni davam etdirmək niyyətindədir.