10 Sentyabr 2018 18:53
2 819
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriya, İraq və Türkiyədə terror aktları həyata keçirən kürd terrorçuların xaricdən ciddi dəstək aldığı haqda fikirlər yeni deyil. Hələ SSRİ dönəmində sovet kəşfiyyatı kürd yaraqlılara ciddi dəstək verdiyi məlumdur. Sonralar bu siyahıda Amerikanın da adı hallanmağa başladı. Hətta İsrail kəşfiyyatının da silahlı kürdləri dəstəkləyərək onların İraqa qarşı çıxmağına səbəb olması haqda iddialar var.

Teleqraf.com bildirir ki, Mossad generalı Sagi Çorinin İsrail-Kürd dərgisində illər əvvəl etdiyi etiraflar kürdlərə hansı mərkəzlərin dəstək verdiyini ortaya çıxarıb.

General kürd dövlətinin onların layihəsi olduğunu, Bərzaninin silahlı dəstələrinə şəxsən özünün təlimlər keçdiyini etiraf edib.

Qeyd edək ki, Saqi Çori 60-cı illərdə Mossadın Şimali İraq üzrə əsas nümayəndəsi olub. Casus olaraq Şimali İraqda olan, burada kürd silahlılara komandanlıq edən general deyib ki, o zaman müharibə planlarını şəxsən özü cızıb.

General bildirib ki, İsrail 1966-cı ildən kürdlərə dəstək verməyə başlayıb:

“O dövrdə məni Şimali İraqa göndərəndə Mossad üçün işləyirdim. Şimali İraqa tək getdim. Bərzaninin Hacı Umran bölgəsindəki ofisinə daxil olanda Mossad agentləri David Kron və başqa bir nəfər də vardı. Məni Molla Mustafa Bərzani ilə oğulları İdris və Məsud qarşıladı. Əslində nə kürd, nə də ərəb dilində bilirdim. Kron tərcüməçilik etdi, biz, bir-birimizi yaxşı anladıq”.

Mossad generalı bildirib ki, o dövrdə İran şahından onlara təklif daxil olub:

“Tehrandan təklif gəldi. İranlı əsgərlərə hərbi təlim keçməyimiz istənilirdi. Mən təklif etdim ki, təlim keçdiyim iranlı hərbçilər sonra kürdlərə təlim keçsin. Şah bu təklifimi rədd etdi. O zaman belə razılaşdıq ki, kürdləri Tehrana gətirək və onlara burada mən təlim keçim. Bunu qəbul etdilər. Bərzaninin silahlı qrupuna Tehranda təlim keçməyə başladım. Ancaq bu uzun sürmədi. Şah kürdlər məsələsində istəkli görünmədi və işimiz çətinləşdi. Tehrandakı İsrail səfiri ilə görüşüb kürdlərin İsrailə aparılmasının vacibliyini bildirdim. Səfir bu işləri təşkil etdi və biz təyyarəyə minib İsrailə uçduq. Kürdləri Hayfa yaxınlığında otelə yerləşdirdik. Təlimlərimiz bir aydan uzun çəkdi. Onları öz hərbi təlimlərimizə daxil etdik. Burada müharibə aparmağın sirlərini öyrəndilər və Tehran vasitəsilə Şimali İraqa qayıtdılar. Mən də Şimali İraqa getdim. Mənim vəzifəm ancaq hərbi sirləri öyrətmək deyildi. Qışdan sonra bahar gəldi, biz hücuma keçdik. Hacı Umran bölgəsini tam ələ keçirmək lazım idi. Mən plan hazırladım. Əsas plan Rəvandüz, Zozk və Handrin dağını tutmaq idi. O zaman İraqın bu ərazidə 10 minə yaxın əsgəri gücü vardı, tank və təyyarələrə, artilleriyaya malik idilər. İraq ordusunun haralara hücum edə biləcəyini öncədən müəyyən etdiyimizdən qarşıdurma bizim üçün çətin olmadı. Kürdlər də yerli şəraitlə hərtərəfli tanış idi. Demək olar ki, Bərzani ilə hər gün görüşürdüm. Mən onlara yardım üçün getmişdim. Bərzani məndən razı qaldı”.

General əlavə edib ki, bu savaşa və öldürülən İraq əsgərlərinə görə, Bərzani narahat olub:
“Bizim uğurumuzdan sonra İraq ordusu aktivliyə başladı. Lakin sonra prezidenti Əbdül Salam Arif qəza keçirdi, onun yerini qardaşı Əbdül Rəhman Arif tutdu. Yeni İraq lideri Bərzaniyə xəbər göndərərək qarşıdurmanın dayandırılması və məsələlərin müzakirə edilməsini tələb etdi. Bərzaniyə məsləhət gördüm ki, bir tərəfdən sülh müzakirələri aparsın, digər tərəfdən savaşı davam etdirsin. O, da bildirdi ki, həm müharibə, həm də sülh danışıqlarını apara bilməz. Mənə “işini başa çatdırıb ölkənə qayıt” dedilər”.

General Saqi Çorin deyib ki, kürdlərə ləvazimat baxımdan onlar dəstək verib:

“Kürdlər İrandan dəstək istəmişdi, ancaq nədənsə gəlib çıxmırdı. Müəyyən etdim ki, kürdlərə 40 kilometr əhatədə çalışacaq cihaz lazımdır. Mossada hesabat yazaraq belə cihazların alınmasını istədim. Onlar qısa zamanda bu cihazları bizə yolladı. Mən də bunu İdris Bərzaniyə təhvil verdim. Beləcə kürd savaşçılar bu cihazdan istifadə edərək bir-birilə əlaqə saxlaya bildi. İraqın bu cihazlardan xəbəri olmadı. Sonra mənə İsraildən “geri qayıt” əmri gəldi”.

Məsud Bərzani haqqında danışan general bildirib ki, Mossad agenti Məsud Bərzani ilə Parastan təhlükəsizlik departamentini qurub:

“İraq ordusu bölgədə hərəkətli idi. Mən Handrin dağında mövqe tutan İraq ordusuna hücum etməyi məsləhət gördüm. Hücum edildi və demək olar ki, İraq ordusunun bölüyü tamamilə öldürüldü. Bu ərəfədə İrandan gözlənilən mütəxəssislər gəldi. Mənim onlardan xoşum gəlmədi, çünki məcburi gəlmişdilər, deyirdilər ki, ərəblərlə vuruşmaq istəmirlər. 1966-cı ilin mayında İsrailə qayıtdım, daha sonra bir illik ABŞ-a getdim. 1967-ci ildə Şimali İraq yenidən qaynamağa başladı. Colan təpəsində xidmətdə olduğum zaman Bərzanidən məktub aldım. Bərzani ilə görüşəndə ona Korek dağlarına getmədən İraq ordusuna hücum etməyi tövsiyyə etdim. Fəqət Bərzani müzakirələrin tərəfdarı idi. Bu səbəbdən ona “müharibəni sən apar, mən, İdris və Məsud müzakirələri apararıq” təklifini verdim. Ancaq Molla Mustafa Bərzani bunu rədd etdi. 1974-cü ildə Mossad direktoru mənə zəng edərək “Bərzani səni istəyir, Şimali İraqa get” dedi. Ora getdikdə Bərzani bildirdi ki, düşmən onlara hücumlar təşkil edir, bir şey etmək lazımdır. Lakin o dövrdə İran kürd hərəkatı məsələsində siyasətini dəyişərək ərəb ölkələri ilə əməkdaşlığa gedirdi”.


Müəllif: Cavad

Oxşar xəbərlər