Oktyabrın 2-də Ermənistanda “Parlamentin tənzimlənməsi haqqında qanun”a düzəlişi nəzərdə tutan qanun layihəsinin qəbul edilməsindən sonra Baş nazir Nikol Paşinyan insanları etirazlara çağırdı. O, bundan sonra parlamentdə qanun layihəsini dəstəkləyən Daşnaksütyun və oliqarx Qagik Çarukyanın lideri olduğu “Çiçəklənən Ermənistan” partiyalarının üzvü olan nazirləri postlarından uzaqlaşdırdı.
Teleqraf.com xəbər verir ki, Paşinyanın müttəfiqi sayılan Daşnaksütyun və “Çarukyan bloku” gözlənilmədən keçmiş prezident Serj Sərkisyanın sədrlik etdiyi Respublika Partiyası tərəfindən irəli sürülmüş layihəni dəstəklədilər.
Həmin gün Nikol Paşinyan “Çarukyan bloku”, Respublika və Daşnaksütyun Partiyalarının baş nazirliyə namizəd irəli sürmədiklərini və erkən seçkilərin bu ilin sonunadək baş tutacağı haqda anlaşma əldə etdiklərini iddia etdi. Lakin sözügedən siyasi qüvvələr baş nazirin bu iddialarını rədd etdilər.
İndi isə Nikol Paşinyan və liderlik etdiyi Yelk blokunun nümayəndələri seçkilərin bu ilin dekabr ayının ilk yarısında keçiriləcəyini bəyan ediblər.
Artıq keçmiş müttəfiqi, oliqarx Qagik Çarukyan Paşinyanın bu iddiasına cavab verib. O, qanunvericilik çərçivəsində baş tutacağı halda seçkilərə qatılacaqlarını açıqlayıb: “Əgər cəmiyyət seçkilərin dekabrda keçirilməsini istəsə, etiraz etməyəcəyik. Seçkilərə müdaxilə etmək istəmirik”.
Qagik Çarukyan eyni zamanda, İrəvanda çevrilişin baş verdiyi günlərdə Ermənistanın keçmiş prezidenti Serj Sərkisyanla olan gizli danışıqlarının sensasiyalı təfərrüatını da açıqlayıb:
“Apreldə Ermənistanda məxməri inqilab baş verəndə Serj Sərkisyanla tez-tez görüşürdüm. Bir dəfə də Sərkisyan mənə zəng etdi və baş verənlərdən təəccübləndiyini bildirdi. O, mənə müttəfiqlik təklif etdi, lakin mən bundan imtina etdim. Ona bildirdim ki, mən müxalifətdəyəm, səninlə necə koalisiyaya gedə bilərəm?”.
Çarukyan həmçinin Paşinyanın onun dəstəyi ilə hakimiyyəti ələ keçirdiyini etiraf edib: “Mənim dəstəyim olmasaydı, Paşinyan inqilab edə bilməyəcəkdi. Eyni zamanda, onun baş nazir seçilməsində də verdiyim dəstək əsas rol oynadı. Dəstəyimiz olmasaydı, inqilab baş tutmayacaqdı”.
Artıq “Jamanak” qəzeti Çarukyan və Sərkisyanın Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq üçün anlaşdıqlarını yazır.