23 Oktyabr 2018 12:22
694
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Orta və Uzaq Mənzilli raketlərin məhv edilməsi sazişindən çıxmaq istəyi anlaşılandır. Saziş keçmiş SSRİ ilə ABŞ arasında 1987-ci ildə imzalanıb.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, həmin vaxt “soyuq müharibə” hələ bitməmişdi, iki fövqəlgüc xeyli raketlərə malik idi və hərbi toqquşma ehtimalını azaltmaq üçün həmin sazişi imzalamağa ehtiyac var idi:

“30 il keçib, SSRİ yoxdur, bu arada, Çin, İran, Pakistan və Hindistan kimi ölkələr də orta və uzaq mənzilli raketlərə malik olublar. Onlar vaxtilə nə SSRİ, nə də ABŞ-la oxşar saziş imzalayıblar. Ona görə də istədikləri qədər raket istehsal edə bilərlər. Bu isə ABŞ-ı narahat edir.

ABŞ anlaşmaya riayət edərək rəqib hesab etdiyi ölkələrin Avrasiya bölgəsində hegemonluğuna göz yummaq istəmir və ona görə anlaşmadan çıxır.

Bundan başqa, Vaşinqton hesab edir ki, SSRİ-nin varisi olan Rusiya yeni növ raketlər istehsal etməklə anlaşmanın şərtlərini illərdir pozur. Buna görə də 30 il əvvəl imzalanan sazişini əhəmiyyəti qalmayıb. Bəs bundan sonra nə baş verə bilər?

Birincisi, ABŞ sazişdən çıxdıqdan sonra Avropa Rusiya ilə üz-üzə qalacaq. Çünki ABŞ anlaşmadan çıxırsa Rusiya da anlaşmadan çıxacaq və orta - uzaq mənzilli raketlərin istehsalını gücləndirəcək. Bu isə ilk növbədə Avropa üçün təhlükə mənbəyinə çevriləcək. Belə olan halda bəzi Avropa ölkələri ABŞ-dan onları Rusiya təhlükəsindən qorumalarını istəyəcəklər. ABŞ öz raketlərini Avropa qitəsində yerləşdirməyə başlayacaq. 1980-ci illərin əvvəllərində də ABŞ “Perşinq” raketlərini köhnə qitədə yerləöşdirmişdi. Tarixin təkrarlanması ehtimalı böyükdür”.

Elxan Şahinoğlu bildirib ki, ABŞ Avropa ölkələri ilə yanaşı raketlərini qonşu Gürcüstanda da yerləşdirə bilər:

“Əlbəttə, bu Rusiyanı ciddi narahat edəcək. Ancaq Rusiya orta və uzaq mənzilli raketlərin yenidən istehsalına başladıqdan sonra qonşuluqda Moskva ilə problemləri olan ölkələr – Litva, Latviya, Estoniya, Ukrayna və Gürcüstan ABŞ-dan dəstək istəyəcəklər.

ABŞ-ın Gürcüstandakı hərbi bazalarını rəsmiləşdirməsi Azərbaycanın maraqlarına uyğundur. Rusiyanın Ermənistandakı hərbi bazaları Azərbaycan üçün təhdiddir. ABŞ-ın Gürcüstandakı hərbi bazaları isə bölgədə qüvvələr nisbətində balans yaradacaq. Digər tərəfdən ABŞ-ın Gürcüstanda hərbi varlığı Azərbaycanın enerji layihələrinin təhlükəsizliyini də təmin edəcək. Onsuz da Vaşinqton Azərbaycanın bütün regional layihələrini dəstəkləyir. Elə bütün bu mövzuları müzakirə etmək üçün ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton bölgədədir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər