Azərbaycanlı milli-mədəni fəal, ixtisasca baytar həkimi olan Məhərrəm Kamrani yaşadığı Əhər şəhərində təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.
Teleqraf.com xəbər verir ki, təhlükəsizlik qüvvələri onun baytarlıq klinikasına hücum çəkərək Məhərrəm Kamranini saxlayıb və onun iş yerində axtarış aparıblar.
Bundan sonra fəalın kompüter və kitablarını özləri ilə götürən məmurlar onu öz evinə aparıb, evdə ailə üzvlərinin gözü qarşısında 3 saat sorğu-suala tutublar. Bu müddətdə evin ətrafında çox sayda təhlükəsizlik qüvvələri və mülki geyimli məmurlar dayanıb, onlar fəalın evini nəzarətdə saxlayıblar.
Məhərrəm Kamrani 3 saat sorğu-sualdan sonra gözü bağlı və əli qandallı şəkildə naməlum istiqamətə aparılıb.
Kompüter və kitabdan əlavə, fəala məxsus laptop, mobil telefonu və daha bir neçə şəxsi əşya məmurlar tərəfindən götürülüb. Hələlik fəalın hansı səbəbdən saxlandığı barədə dəqiq məlumat yoxdur.
Məhərrəm Kamrani Şəhriyar Dərnəyi Mərkəzi Şurasının üzvü, fəaliyyəti dayandırılmış “Oyanış” öyrənci nəşriyyəsinin müdir-məsulu və Azərbaycan Nəşriyyat Dərnəyinin üzvü kimi uzun müddət mədəni fəaliyyətlərlə məşğul olub.
Məhərrəm Kamrani Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə müxtəlif təzyiqlərə məruz qalıb, dəfələrlə saxlanılıb və həbs hökmü ilə üzləşib.