5 Noyabr 2018 12:23
334
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com Cümhuriyyət Xalq Partiyasının sədri Bədrəddin Qulyevlə müsahibəni təqdim edir:

- ABŞ Prezidentinin milli təhlükəsizlik müşaviri Con Boltonun Rusiya və Cənubi Qafqaza səfəri başa çatdı. Sizcə, bu səfər daha çox nə ilə bağlı idi?

- Trampın müşavirinin bu səfəri ABŞ-ın gələcəkdə bölgədə baş verən proseslərə önəm verdiyinin göstəricisidir və bu regionda müttəfiqlərini müəyyən etməyə hesablanıb. Həmçinin geopolitik baxımdan atılacaq addımların xəritəsi cızılır. Nəzərə almaq lazımdır ki, burada əsas faktorlardan biri də İran ətrafında yaranan durumdur. Əslində bölgənin Rusiyanın nəzarətindən çıxarılması, atılacaq addımların dəqiqləşdirilməsi prosesi gedir. Nəzərə alın ki, Rusiyanın güclü olduğu Ermənistanda ABŞ-ın dəstəyi ilə çevrilişə gedildi, hakimiyyət faktiki dəyişdi. Beləcə regionda Moskvanın mövqeləri zəiflədildi. Gürcüstanın özü daima Qərblə aktiv iş aparır, bu ölkənin NATO-ya inteqrasiyası gündəmdədir. Fikrimcə, Ermənistan və Gürcüstanda ikinci dalğa hərəkətlənmə olacaq, bu daha çox Rusiyadan uzaqlaşma və Qərblə yaxınlaşma mərhələsi sayılacaq. Bu fonda ən mühüm ünvanlardan biri Azərbaycandır. O mənada ki gələcəkdə Avropanın enerji təhlükəsizliyi ehtiyacının ödənilməsində Azərbaycan mühüm yer tutur. SSRİ dağıldıqdan sonra Azərbaycana böyük təzyiqlər oldu. Bizim başımıza gələn bəlalar, torpaq itkilərimiz həm də onunla bağlı idi ki, gələcəkdə Azərbaycan Avropanın və dünyanın enerji təminatında rol oynamasın. Beləcə bizim neft və qazımızın dünya bazarına çıxarılmasının qarşısını almağa çalışırdılar. Biz müstəqillik dövründə ciddi təzyiqlərlə üzləşdik. Ancaq bu gün Azərbaycan TAP, TANAP, BTC, Bakı-Ərzurum qaz kəməri, Cənub Qaz Dəhlizinin çəkilməsi kimi böyük layihələr həyata keçirir. Bu yaxınlarda Türkiyədə “Star” zavodunun açılışı, habelə “Petkim"in fəaliyyəti mühüm hadisədir. Azərbaycan ciddi addımlar atır.

Daha bir məsələ ondan ibarətdir ki, Ermənistanda keçirilən seçkilər ərəfəsində bu ölkədə vəziyyətin gərginləşəcəyi və hətta Qarabağ münaqişənin qızışacağı barədə ehtimallar səslənirdi. Bolton bu səfəri həm də belə bir təhlükə ilə bağlı idi.

Xatırlayırsınızsa, bir müddət əvvəl ABŞ-ın Ermənistandakı səfirinin açıqlaması oldu. Səfir Qarabağ münaqişəsinin həll edilməməsinə görə erməniləri günahlandırdı. Nəzərə almalıyıq ki, Ermənistanda istər xunta, istərsə də demokratiya tərəfdarları olsun, onların hamısı faşizm xəstəliyinə tutulub və torpaqların azad olunmasına qarşıdır. Bolton həm də səfəri ilə Qarabağ münaqişəsinin sıfır nöqtəsindən aktivləşdirilməsi təəssüratı yaradırdı.

- Siz tez-tez müsahibələrinizdə türk dünyası üçün yeni eranın başlandığını bildirirsiz. Bu əminliyiniz nədən qaynaqlanır?
- Bəli, türk dünyası üçün yeni era başlayır. Dünyanı idarə edən güclərin yeni dünya düzəni qurması gündəmdə olduğu bir vaxtda türk faktoru ortaya çıxır. Türk faktoru bölgədə bütün strateji hədəflərə təsir edir. Bu strateji hədəflərdən biri də gələcəkdə İran daxilində gedən proseslərdə oğuz türkləri faktorundan istifadə etmək istəyidir.

Buna qədər oğuz türkləri amilindən ruslar 4 dəfə istifadə edib, İranda inqilablar baş verib, amma sonradan əks-inqilab qalib gəlib. Daha doğrusu, ruslar və ingilislər sonda razılaşıb və qurban gedən oğuz türkləri olub. Beləcə azərbaycanlılar son 100 ildə uduzan tərəf olub. Məsələn, Rza Şah Pəhləvinin nəsli Bakıda olub, atası gizli polisdə işləyib. Rza Şah İrandakı rus kazak dəstələrinin rəhbərli olub, sonra ondan şah düzəltdilər. Az sonra şah ingilislərin təsiri altına keçdi. II Dünya Müharibəsindən sonra da ingilis və ruslar İran üzərindən oyunlar oynadılar, bu zaman da oğuz türkləri faktorundan istifadə edildi. Amma sonda tərəflər maraqlarını təmin etdi, ortada qalan isə oğuz türkləri oldu. İndi yeni dünya düzənində türk faktorundan istifadə etmək niyyəti olacaq, halbuki 18-ci əsrdə türkləri məhv etməyə çalışırdılar. İndi isə Anqlosaks-Türk birliyi yaranır. Türklər bu bölgədə aparıcı olduğu üçün gələcəkdə bölgədə türk faktorunu kənara qoymaq qeyri-mümkündür. Avropanın enerji təminatında türk faktoru aparıcı olacaq. Enerji layihələrinin hamısı Türkiyə vasitəsilə həyata keçirilir. Yaxın Şərqdə baş verən proseslər də göstərdi ki, bölgədə ən güclü müttəfiq Türkiyədir. Beləcə Türkiyə regional gücdən dünyəvi gücə çevrilir. Suriyada, Mosulda, Anodoluda, Cənubi Azərbaycanda oğuz türkləri yaşayıb. İndi bunların birliyi yaranır. Bu gün baş verən proseslər də hər kəs Türkiyənin qarantiyası ilə addım atırsa, nədən bu birlik yaranmasın? Türk toplumları birliyinin yaranması dövrü başlayır. Bu, Orta Asiyada türkdilli dövlətlərin birləşməsinə səbəb olacaq. Odur ki, bölgədə siyasi proseslər son mərhələyə çatdığına görə regionda yeni proseslər başlayacaq. Bu gündən İrana qarşı sanksiyalara start verilir, habelə Rusiyanın özünə də təsirlər güclənəcək. Bölgə ölkələrinin aparacığı roldan çox şey asılıdır.

- Bölgədəki proseslərdə Ermənistan hansı rol oynaya bilər?
- Bəzi iddialara görə, İran iş adamları Yerevanda ofşor şirkətləri yaradıb və pullarını ora cəmləşdirir. Bu vasitə ilə dünyaya çıxırlar. Nəzərə alaq ki, bu gündən İran üzərindən pul köçürmə sistemi qapadılacaq. Bu səbəbdən də İrəvan üzərindən dünya bazarına çıxmaq niyyəti var. Qərb də buna göz yumaraq Ermənistanın ayaq üstə durmasını dəstək verə bilər. Bu günə kimi İranla Ermənistan qədər güclü əlaqəsi olan ölkə yoxdur. İran firmalarının Ermənistandan ofşor zona kimi istifadə etməsi, habelə Rusiya şirkətlərinin oradakı fəaliyyəti sanki diqqət mərkəzindən kənardadır. Ermənistan ərazisindən ofşor zona kimi istifadə edilərək pul köçürmələrin, maliyyə əməlyyatlarının qarşısı alınmalıdır. Mən bildiyim qədər Dağlıq Qarabağda da Master Kart və Viza Kart vasitəsilə pul köçürmə əməliyyatları aparılır. Fikrimcə, bunun da qarşısı alınmalıdır. Bizim maliyyə strukturlarımız bu məqamı hökmən nəzərə almalıdır. Çünki Dağlıq Qarabağ işğal edilən ərazidir, orada separatçı rejim qurulub, üstəlik bu rejim haqlı olaraq beynəlxalq şəkildə tanınmır. Bu halda niyə orada Viza Kart və ya Master Kart pul köçürmə sistemləri işləməlidir? Bu məsələyə diqqət ayırmalı və bunun qarşısını almalıyıq. Nəzərə alaq ki, əgər sanksiya altında olan ölkələr dünyaya çıxış üçün Ermənistandan “pəncərə” kimi istifadə etmək niyyətindədirsə, bu o deməkdir ki, gələcəkdə bu ölkəyə, bizim işğal altında olan Dağlıq Qarabağa pul yatırıla bilər.
Bildiyiniz kimi ABŞ Konqresinin xarici əlaqələr komitəsi də Dağlıq Qarabağdakı separatçı rejimə hər il maliyyə ayırır. Bu da yolverilməzdir. Bu məsələdə daima gündəmdə saxlanılmalıdır.
Bu arada onu da qeyd edim ki, ABŞ Prezidentinin kibertəhlükəsizlik üzrə müşaviri, Nyu-York şəhərinin sabiq meri Rudolf Culiani Ermənistanda səfərdə olub. Bu səfərlə bağlı dünya mediası geniş informasiya yaymayıb. Onun Ermənistana səfəri böyük ehtimalla İranla əlaqəli olub, mümkündür ki, gələcəkdə İrana qarşı siyasətdə Ermənistandan və ya onun nəzarətində olan ərazilərdən istifadə etmək məsələsi qaldırılsın.

- Ancaq regionun əsas güclü ölkəsi Azərbaycandır və bu amili bütün qüvvələr nəzərə almaya bilməz...
- Azərbaycan mühüm enerji layihələrini artıq başa çatdırır. Dünyanın enerji resursları ilə təmin edilməsində Azərbaycan mühüm və vacib rol oynayır. Bu halda dünyanın da Azərbaycana münasibəti dəyişməli, işğal edilən ərazilərimiz məsələsində ortaya konkret mövqe qoyulmalıdır. Bəli, Azərbaycan hərbi paradlar keçirir, güc nümayiş etdirir, beynəlxalq iqtisadi əlaqələr möhkəmləndirilir, imkanlar genişləndirilir. Amma torpaqlarımız geri qaytarılması ilə bağlı da ciddi addımlar atılmalıdır. Beynəlxalq qurumlar bölgədə baş verən proseslərdə Azərbaycan faktorunu, reallığı nəzərə alacaqsa, Qarabağ məsələsinin həllinə dair ciddi addımlar atılmalıdır. Sözsüz ki, Qərbin mövqeyindən çox şey asılıdır. Zamanında ABŞ Konqresi tərəfindən 907-ci düzəliş qəbul edildi, bununla da bizə təzyiq başladı. 907-ci düzəlişlə bağlı Azərbaycana birbaşa yardım, silah satışı mümkün deyil. İndi 907-ci düzəlişin aradan qaldırılması, Azərbaycana silah satışı haqqında ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Bolton bəzi fikirlər deyib. Sözsüz ki, biz də cəmiyyət olaraq ortaya gücümüzü qoymalıyıq. Yaşadığımız coğrafi ərazidə türk faktorunun gücə çevrilməsi, regionda baş verən proseslərdə aktiv olaraq milli maraqlarımızı təmin etməliyik. Yəni bu şansdan istifadə edilməlidir. Beynəlxalq qurumların qətnamələri, bəyanatları yaxşıdır. Amma beynəlxalq qurumlar bu yolla münaqişənin həllini uzatmaq niyyətindən vaz keçməlidir. Əksinə, biz enerji resurslarımızı dünyanın üzərinə açdığımız kimi, dünya da bizim öz ərazilərimizdə sərbəst əməliyyatlar keçirməyimizə şərait yaratmalıdır. İndi ermənilər deyirlər ki, biz seçkidən sonra danışıqlar masasında əyləşəcəyik, müzakirələr aparacağıq. Məncə, bu da prosesin uzanmasını hesablanıb. Prosesin uzanması bizim xeyrimizə deyil.

- Bu gündən İrana qarşı II mərhələ sanksiyaların tətbiqinə başlanılır. Bu sanksiyalar İrana necə təsir göstərə bilər?
- İran bank sistemində böyük sarsıntılar, inflyasiya, devalvasiya prosesləri güclənə bilər. Bu baş versə, deməli İranda daxili iqtisadi ixtişaslara səbəb olacaq. İranda bu proses 2017-ci ilin dekabrında başlayıb. Hazırda İranda iqtisadi gərginlik var. İran neftinin dünya bazarında satışına faktiki qadağalar tətbiq olunacaq. İranın ən çox ümid etdiyi dövlətlərdən biri Çindir. Amma Çin şirkətləri geri çəkilir. Çin həm də ölkə daxilində olan investisiyanın əhəmiyyətini dərk edir. Yəni Çin İran və ya Rusiyaya görə özünün iqtisadi maraqlarını itirmək istəmir. Maliyyə baxımdan Çin banklarının rəhbərlərinin mətbuatda mövqeyi belə olub ki, Rusiya ilə iqtisadi əlaqələr bizə heç bir divident gətirmir. Çünki Rusiyanın dünya maliyyə sistemində bazaları, böyük imkanları yoxdur. Rusiya bazarına ancaq xammal kimi baxırlar, deyirlər ki, oradan ancaq xammal almaq olar.
İran neftindən imtina edilməsi faktiki İrana böyük zərbə olardı. İran neft və qaz ölkəsidir. Yəni neftin ixracatını dayandırmaq faktiki ölkədə narazılığı gücləndirmək deməkdir. Qərb İranda ona sərf edən prosesi sona qədər aparmaq niyyətindədir. SWIFT vasitəsilə pul köçürmə sisteminin bağlanması İran üçün ciddi zərbədir. Qərb prosesləri İranda rejim dəyişikliyinə qədər inkişaf etdirmək niyyətindədir.

- İran güclü və qədim dövlətdir. Bu sanksiyalarla İranda istəklərinə nail ola bilərlərmi?
- Faktiki olaraq 1979-cu ildən indiyə qədər İrana sanksiyalar tətbiq edilib. Amma heç vaxt İranda SWIFT vasitəsilə pul köçürmə sistemi bağlanmayıb. Yəni iqtisadi sanksiyalar olub, amma maliyyə baxımından ən böyük rıçaq SWIFT vasitəsilə pul köçürmə sistemidir. Bu sistemin bağlanması ilə beynəlxalq şirkətlər, ciddi oyunçular İran prosesindən kənara çəkilir, habelə Tehranla münasibətləri tədricən kəsəcək. Buna paralel olaraq daxildən bəluclar, əfşarlar, kürdlər, oğuz türkləri, ərəblər dövrəyə daxil olacaq. Yəni etnik qüvvələr aktivləşdiriləcək, milli muxtariyyət məsələsini qaldıracaqlar. Üstəlik İran daxilində ziddiyyətli qüvvələr var, bəzən hakimiyyətdə olan hansısa qruplar Qərblə danışıqlar aparırlar. Təsəvvür edin ki, 1979-cu ilin noyabrın 4-də İrandakı ABŞ səfirliyinin 50-dən çox diplomatı və ailə üzvü həbs edilmişdi. Sanki 2018-ci il, noyabrın 4-də İrana qarşı II mərhələ sanksiyaların tətbiqi həm də bunun qisasının alınması mesajını verir. Bunun Cənubi Azərbaycana da təsiri olacaq. Biz prosesləri diqqətlə izləməli, ümumiyyətlə regionda gedən proseslərdən öz payımızı götürməyi bacarmalıyıq.

- Türkiyə, Rusiya, Gürcüstan və digər qonşu dövlətlər faktiki İrana qarşı sanksiya prosesinə qoşulmur...
- Türkiyənin özünün maraqları var. Nəzərə alın ki, adicə bir keşişin həbsinə görə Türkiyə böyük təzyiqlərlə qarşılaşdı. ABŞ-Türkiyə münasibətlərində gərginlik yaşandı və məxfi danışıqlar aparıldı. Məncə, bu Türkiyəyə bir mesaj idi. Yəni Qərb mesaj verdi ki, regionda və ətrafda atılan addımlarda biz Türkiyənin maraqlarını nəzərə alacağıq, siz də bizimlə müttəfiq olun. Reallıqda baş verən proseslərlə Türkiyə hesablaşacaq. Yəni Türkiyənin gələcəkdə anqlosakslarla ittifaqda olacağı labüddür. Rusiya da sonda anqlosakslarla anlaşacaq. Rusiya İran proseslərinin önə düşməsini istəyir. Məncə, İran prosesləri aktivləşsə, Rusiya da prosesdə öz maraqlarını önə çəkəcək, mümkündür ki, İranda yaşayan oğuz türkləri ilə əməkdaşlığa getməyə çalışacaq. Tarixən belə olub. Seyid Cəfər Pişəvəri hərəkatı buna əyani nümunədir. Ancaq nəticədə oğuz türkləri uduzub, heç nə əldə etməyib. Ümumən İrana qarşı sanksiyaların Rusiyaya həm xeyri, həm də ziyanı var. Xeyri odur ki, Rusiya daha çox neft satmaq imkanı əldə edəcək, İran məsələsi başa çatana qədər ona qarşı təzyiqlər azalacaq. Rusiya İranı qurban verməklə prosesi uzatmağa çalışacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər