Türkiyənin İsrail-Fələstin münaqişəsi məsələsinə həssas yanaşması başadüşüləndir. Türkiyə islamın 4 xəlifəsindən sonra islamın bayrağını daşıya bilən və bu günlərədək daşıyıb gətirən tək güclü müsəlman ölkəsidir.
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Natiq Miri deyib.
O qeyd edib ki, bu baxımdan Türkiyə bu gün təkcə türk cümhuriyyətlərinin deyil, bütövlükdə islam dünyasının sözçüsü və hamisi olaraq çıxış edir:
“Bu, Türkiyə dövlətinin bir missiyasıdır. Düşünürəm ki, bu missiyanı Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında Türkiyə dövləti yerinə yetirir. Ancaq bir məqamı da nəzərə almaq lazımdır ki, bu gün Fələstində vəziyyət çox kirtikdir. Xüsusilə də, Donald Tramp ABŞ Prezidenti seçiləndən sonra birtərəfli qaydada İsrail dövlətinin mənafelərini güdməyə başladı. İlk olaraq Qüdsün yəhudi dövlətinin paytaxtı olması qərarını qəbul etdi. Ardınca da Tel-Əvivdə olan ABŞ səfirliyinin Qüdsə köçürülməsi qərarını verdi. Hansı ki, bütün ABŞ prezidentləri dövründə belə bir qərar qəbul edilmiş olsa da, konkret olaraq səfirliyin Qüdsə daşınmasını praktik olaraq həyata keçirməmişdilər. Bunun da əsas səbəbi İsrail-Fələstin münaqişəsinin hələ də həll edilməməsi ilə bağlı idi. Ancaq Tramp birtərəfli qaydada İsrailə yönəlik siyasət yürütməkdədir. Belə olan təqdirdə Fələstin dövləti təklənmiş və zəiflənmiş duruma düşür. Çünki onun ətrafında olan bütün ərəb ölkələri bu gün İsrail və ABŞ-la çox sıx əlaqədədirlər”.
N.Miri bildirib ki, belə olduqda Türkiyə islamdan irəli gələn missiyasını nəzərə alaraq Fələstin xalqını və dövlətini müdafiə edir:
“Bilirsiniz ki, bu istiqamətdə bir neçə addımlar atılıb. Türkiyə, hətta BMT Təhlükəsizlik Şurasında ABŞ əleyhinə bir neçə qətnamə qəbul etdirə bilib. Yəni, bütün bunlar bir növ Türkiyənin qüdrətini göstərən addımlardır və Ankara bununla islam, müsəlman dünyasında bir lider dövlət olduğunu ortaya qoyub. Bu gün islam ölkələri arasında Türkiyənin liderliyini qəbul etməyən yoxdur”.
Politoloq əlavə edib ki, Türkiyənin bu missiyası onun üzərinə çox böyük öhdəliklər qoyur:
“Düşünürəm ki, Türkiyə dövləti Fələstin dövlətinin yanında olmalıdır ki, biz elə bunu da müşahidə edirik. Bu, Türkiyəyə yaraşan bir addımdır və bunu təkcə müsəlman ölkələri deyil, bütün dünya dövlətləri təsdiq edir və bunu praktiki olaraq görürlər”.
Qeyd edək ki, Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın İsrail-Fələstin münaqişəsinə dair sərt açıqlama ilə çıxış edib. O qeyd edib ki, İsrailin Qəzzaya hücumlarına susqunluq nümayiş etdirən beynəlxalq ictimaiyyət bunun məsuliyyətini üzərinə götürməli və hərəkətə keçməlidir.
İ.Kalın Türkiyənin Fələstinin yanında olduğunu dilə gətirib: “Fələstin xalqı yalqız və çarəsiz deyil. Türkiyə bu mübarizədə Fələstinin yanında olmağa davam edəcək”.