27 Noyabr 2018 09:14
1 427
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda İngiltərədə yaşayan 57 yaşlı Nikolas Yarris günahı olmadan 22 il həbsdə saxlanılıb və hər gün edam xəbərini gözləyib.

Teleqraf.com uzun illər ölümünü gözləyən və hazırda özünə maraqlı bir həyat yaratmağı bacaran “qurban”la bağlı məqaləni təqdim edir.

Əsil adı Nikolas Ceyms Yarrısdir. 1961-ci ildə ABŞ-da doğulub. 7 yaşında təcavüzə uğrayıb, amma bunu heç kimə deməyib. Bu travma səbəbindən 13 yaşında məktəbdə oxumağı buraxaraq spirtli içki və narkotik qəbul etməyə başlayıb.

Ən böyük hobbisi dostları ilə avtomobil oğurlamaq olub. Qaçırdığı avtomobilləri sürüb əyləndikdən sonra götürdüyü yerə qoyurmuş.

Bir gün oğurladığı avtomobilin sahibi ona 200 dollar ödəməyi təklif edib. Bu hadisədən sonra Nikolas avtomobil oğrusu olur. Beləcə avtomobil oğurlayır, satır, əldə etdiyi pula narkotik alır. Bir dəfə oğurladığı avtomobilin içində narkotikanın təsiri altında olduğu zaman polis onu həbs edir. Bu vaxt Nikolos 20 yaşı vardı. O, polisdən qaçmaq ittihamı ilə saxlanılır. Ancaq təkcə polisdən qaçmaq ittihamı ilə həbs edilmir.

Tutulduğu yerə yaxın ərazidə Linda May Kariq adlı xanım təcavüzə uğramış və öldürülmüşdü. Bu işdə şübhəli şəxs isə Yarris idi. Cinayətin baş verdiyi yerdə tapılan qanın qrupu ilə Yarrisin qan qrupu da eyni idi.

Beləcə cinayətkar məhkəməyə çıxarılır. Onu həbs edən polis Yarrisin ona hücum etdiyini, silahın arxası ilə üzünə zərbə endirdiyini bildirir. Dəlil kimi həmin gecə əlinin yaralandığını isbatlayan fotonu göstərir.

Yarrisin vəkili isə “Siz üzünüzə zərbə endirildiyini deyirsiniz, madam ki, üzünüzü deyirsiniz, bəs niyə üzünüzün deyil, əlinizin fotosunu göstərirsiniz” deyə sual verir. Məhkəmə Yarris haqda bəraət hökmü çıxarır.

Ancaq Yarris Linda May Kariq cinayətində ittiham olunur və məhkəmə onu edama məhkum edir. “Qatil” günahı olmadığını bildirsə də, heç kim inanmır.

Yarris məhkəməyə gedərkən yoldan qaçır. Restorana daxil olaraq oradan kürk oğurlayaraq satır. Bu pulla oteldə yerləşir və 3 gün oteldən bayıra çıxmır. Nəhayət, eşiyə çıxanda televiziyalarda öz fotosunu izləyir və qaçmağın mümkünsüzlüyünü bilərək könüllü polisə təslim olur.

Təslim olduqda gözətçilər onunla çox pis davranır. Bu səbəbdən Yarris intihara cəhd edir. Ancaq gözətçilərdən birinin yazığı gəlir, Yarrisə oxumaq üçün kitablar verir. Yarris isə oxumağı bacarmırdı. Bununla belə, edam olunana qədər oxumağı öyrənməyə qərar verir və arzusuna nail olur. Ancaq oxumağın onu edamdan xilas edəcəyini ağlına gətirmir.

Günün birində Yarris qəzetdə məqalə oxuyur və dərhal vəkilini axtarır. Düşünür ki, artıq DNT analiz sistemi ortaya qoyulub və bu yolla azadlığa çıxa bilər.

Beləcə Yarris 1988-ci ildə ABŞ-da DNT testini tələb edən ilk edama məhkum olmuş məhbus olur. Vəkili ona deyir ki, dəlillər itib, itməyən dəlillərlə uğurlu nəticə almaq çətindir. Buna baxmayaraq Yarris dəfələrlə DNT analizi üçün cəhd göstərir. 2002-ci ildə bu cəhdlərini dayandırır. Prokurora “məni edam edin” deyir. Prokuror isə ölümə gedən Yarris üçün DNT analizinin keçirilməsini istəyir. Test zamanın qurbanın paltarları üzərində iki ayrı şəxsin DNT izlərinə rast gəlinir.

Beləcə Yarris azadlığa çıxmaq şansı qazanır və 2004-cü ildə kilidli qapıdan eşiyə addım atır... Linda May Kariqin qatili isə heç vaxt tapılmır.

Yarris nahaqdan həbsdə yatdığı iddiası ilə dövlətə təzminat davası açır və istəyinə nail olur.

O, həbsdən çıxdığı gündən indiyə qədər dünyada edam hökmünün ləğvi üçün çalışır. Hazırda Londonda xanımı və qızı ilə yaşayır.

Nikolas Ceyms Yarrıs “Həbsə görə üzülürsünüzmü” sualına belə cavab verib: “Həbs olunmasaydım, həyatım indiki qədər gözəl olmazdı”.


Müəllif: Cavad

Oxşar xəbərlər