Güney Azərbaycanın kürd kökənli valisi Məhəmməd Mehdi Şəhriyari ötən əsrin əvvəllərində azərbaycanlılara qarşı törədilən Cilovluq qətlimanı inkar edib.
Teleqraf.com xəbər verir ki, o, bu barədə Tehranda azərbaycanlı tələbələr qarşısında danışıb.
Məhəmməd Mehdi Şəhriyari Cilovluq qətliamını “mənasız hadisə” adlandırıb:
“Bəziləri hadisədən 100-150 il keçdikdən sonra bu məntəqədə müharibə baş verdiyini və 100 min nəfərin öldüyünü iddia edir. Onlar qəribə rəqəmlərdən də söz açırlar. Tutaq ki, bu rəqəmlər doğrudur. Siz İkinci Dünya Müharibəsindən sonrakı Almaniyanı düşünün. Almaniya dünyanın ən faşist və irqçi ölkəsi idi. Bu ölkə dünyanı böyük müharibəyə sürüklədi. Həmin müharibədə 40 milyondan çox insan həlak oldu, Almaniya isə yerlə yeksan edildi. Lakin müharibədən 20 il sonra Almaniya iqtisadi baxımdan dünyanın üçüncü ölkəsinə çevrildi.
Sizcə, indi kimsə Almaniyada bu müharibədən danışır? Həqiqət budur ki, onlar belə şeyləri unudub. Biz isə yenə də belə məsələləri yada salıb gələcək nəsillərə bir təhlükə kimi təqdim edəcəyik. Yenə də deyəcəyik ki, bu belə, o biri isə elə etdi, ermənilər filan iş gördü və s.”.
Qeyd edək ki, 1918-ci ilin mart ayında erməni, assuri və kürd dəstələri bir sıra xarici ölkələrin dəstəyi ilə Güney Azərbaycanın Urmiya, Salmas və Xoy şəhərlərində kütləvi qətliam törədiblər. Kütləvi qırğın zamanı on minlərlə günahsız azərbaycanlı qətlə yetirilib. Bu, tarixə Cilovluq faciəsi kimi düşüb.