Suriyada YPG terror təşkilatına bağlı Suriya Demokratik Qüvvələrinin (SDQ) sayı 70 minə çatıb.
Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə SDQ-nin sözçüsü Qabriel Kino məlumat yayıb.
Türkiyənin PKK terror təşkilatının Suriya qolu kimi qəbul etdiyi YPG-yə bağlı SDQ militanlarının sayının getdikcə artdığı və ABŞ tərəfindən təlim verildiyi barədə məlumatlar yayılmağa başlayıb.
Məlumata görə, ərəb və süryani militanlarını da özündə birləşdirən qüvvələrin təlimləri və silahları ABŞ tərəfindən təchiz edilir.
SDQ-nin əsas qüvvələrini ərəblərin kompakt yaşadıqları bölgələrdə ərəb, kürd bölgələrində isə kürd militanlar təşkil edir. Hər militana ABŞ tərəfindən 200 dollar maaş, ümumən isə zirehli texnika və minik avtomobilləri verilir.
Qabriel Kino SDQ-nin canlı qüvvə sayının 70 minə çatdığını iddia edir: “70 min qüvvəyə əlavə olaraq, asayiş və daxili təhlükəsizlik qüvvələri də bura daxildir. Militanlarımız təlim və lazım olan digər yardımları alırlar”.
İŞİD terror təşkilatına qarşı mübarizədə ABŞ-la anlaşdıqlarını bildirən Kino qeyd edib ki, Amerika ilə İŞİD-in zərərsizləşdirilməsindən sonra anlaşıblar.
Qeyd edək ki, 2015-ci ildə Suriyada 12 silahlı qruplaşmanın birləşdirilməsi ilə qurulan SDQ Raqqa və digər strateji bölgələrə nəzarət edir.