Çexoslovakiya kəşfiyyatı uzun illər indiki ABŞ Prezidenti Donald Tramp haqqında informasiyalar toplayıb.
Teleqraf.com xəbər verir ki, Çexoslovakiyada 1990-cı illərə qədər kommunist sisteminin kəşfiyyatı olan STB-nin Donald Trampı yaxından izlədiyi və barəsində dosye hazırladığı ortaya çıxıb.
Bu yaxınlarda Çexiyada yayımlanan “Respekt” dərgisi ABŞ Prezidenti Donald Trampın 1977-ci ildə Çexoslovakiya əsilli model İvanna Zelnickova ilə evlənməsindən sonra STB-nin maraq dairəsinə düşdüyünü açıqlayıb.
STB casuslarına və kəşfiyyat qeydlərinə istinad edilən xəbərdə qeyd edilir ki, İvanna əri ilə birlikdə böyüdüyü Gottvaldovu ziyarət etdikdən sonra atası Milos Zelnicek hər dəfə Çexoslovakiya kəşfiyyatına Tramp haqqında məxfi informasiyalar verirmiş.
STB 1990-cı illərə qədər, daha doğrusu, ölkədə kommunist rejimi yıxılana qədər Tramp haqqında dosyelər toplamağa müvəffəq olub.
Vurğulanır ki, Çexoslovakiya xüsusi xidmət orqanının Donald Trampa marağı özəlliklə 1988-ci ildə ABŞ-da keçirilən prezident seçkilərindən sonra artıb. STB rəhbərliyi xarici kəşfiyyata cavabdeh olan idarədən Amerikanın əmlak kralı haqqında informasiya əldə etmənin dərinləşdirilməsini istəyib.
“Respekt”ə danışan STB-nin sabiq casusu Vlastimal Danek deyib ki, o dövrdə Donald Tramp Çexoslovakiya kəşfiyyatı üçün çox maraqlı bir fiqur olub: “Tramp biznesmen idi, Amerika siyasətində, daha önəmli yerlərdə çoxlu sayda insanlarla əlaqələri mövcud ola bilərdi. Təsirli olduğunu bildikdə diqqətimizi ona cəlb etmişdik. Trampın gələcəkdə dövlət başçısı olmaq istədiyi haqqında informasiya əldə edə bilmişdik”.
Tramp 1980-cı illərin sonunda ABŞ prezidenti olmaq arzusunu ifadə edirdi. Bu məqsədlə ABŞ-ın məşhur qəzetlərində siyasi reklam məqsədli məqalələr ortaya çıxırdı. Eyni zamanda bəzi müsahibələrində ticarət və xarici siyasət haqqında indikindən fərqli olmayan fikirlərini açıqlayırdı.
STB-nin xarici kəşfiyyat idarəsinin Trampa olan marağı, onun haqqında əldə etdiyi informasiyaları SSRİ KQB-nə ötürüb-ötürmədiyi məsələsinə gəldikdə Vlastimal Danek bu barədə danışmamağa üstünlük verib: “Sizə daha çox informasiya açıqlamaq niyyətində deyiləm. Bu, mənim unutmaq istədiyim bir mövzudur. Sonradan problemlərin yaranmasını arzu etmirəm”.
23 yanvar 1989-cu il tarixli məxfi sənəddə STB-nin şöbə müdirinin müavini Peter Sury İvannanın 1988-ci ilin oktyabrında ailəsinə baş çəkdiyi zaman Corc Buşun seçkilərdə qalib gəldikdən sonra çox əmin çıxış etdiyini və onun haqlı çıxdığını deyərkən səsləndirdiyi versiyalarının ABŞ-dakı iqtidarın yüksək səviyyəli rəsmilərindən qaynaqlandığını ifadə edibmiş.
İvannanın nüfuzlu əri sayəsində ABŞ siyasətinin ən yüksək səviyyəli çevrələriniə girdiyini qeyd edən çex casus ABŞ-ın siyasəti, iqtisadiyyatı, xarici siyasəti və hətta kəşfiyyat xidmətləri ilə bağlı daha çox informasiya əldə etmək məqsədilə İvannanın atası ilə əlaqəyə girməməyi tövsiyə edib.
Donald Tramp və İvanna Tramp 1992-ci ildə boşanıblar, amma cütlüyün dost münasibətləri qalıb. Ancaq bu informasiyaların ortaya çıxmasından sonra nə Donald Tramp, nə də İvannanın buna reaksiyası olmayıb.
Qeyd edək ki, 2016-cı ildə ABŞ Prezidenti seçilən Donald Tramp haqqında öz ölkəsində sistematik olaraq Rusiya ilə məxfi anlaşmaya getdiyi, rusların adamı olduğu kimi iddialar səsləndirilir.