1 Mart 2019 13:59
599
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Konqresinin Reybörn binasında Xocalı faciəsinin 27-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib. Tədbirdə ABŞ Konqresinin üzvləri Stiv Şəbot, Henri Kueyyar, Pol Qosar, Konqresin çoxsaylı əməkdaşları, ABŞ-dakı Azərbaycan icması və digər icmaların nümayəndələri iştirak edib.

Bu barədə Teleqraf.com-a Azərbaycanın ABŞ-dakı səfirliyindən məlumat verilib.

Tədbirə xüsusi qonaq qismində hazırda ABŞ-da yaşayan, Xocalı faciəsinin canlı şahidi olan Anar Usubov qatılıb.

Tədbirdə Xocalı faciəsi ilə bağlı həqiqətlər geniş auditoriyanın diqqətinə çatıdırılıb, həmin faciədə qətlə yetirilmiş insanların xatirəsi anılıb və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə həllinin vacibliyi bildirilib.

Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov Xocalı faciəsinin tarixi barədə tədbir iştirakçılarına ətraflı məlumat verərək Xocalı qurbanlarının xatirəsini yad edib və bunun azərbaycanlılara qarşı törədilmiş soyqırım olduğunu, münaqişənin həlli istiqamətində Ermənistanın ciddi addımlar atmasının vacibliyini vurğulayıb.

Səfir soyqırımı cinayətinin birbaşa iştirakçıları olan və qanlı cinayətin törədilməsini etiraf edən Ermənistanın keçmiş rəhbərləri Robert Köçəryan və Serj Sərkisyanın hazırda Ermənistanda öz xalqlarına qarşı törətdikləri cinayətlərə görə məsuliyyətə cəlb edilmələri prosesinin getdiyini bildirib və bir gün sözügedən şəxslərin ölkəmizin Xocalı şəhərində insanlıq əleyhinə törətdikləri cinayətlərə görə də məsuliyyətə cəlb ediləcəklərinə ümidvar olduğunu qeyd edib.

Tədbirə qatılan Konqresdəki Azərbaycan üzrə İşçi Qrupun üzvü, Texas ştatını təmsil edən demokrat Henri Kueyyar Xocalı faciəsində həyatını itirmiş insanların əziz xatirəsini anaraq azərbaycanlıların kədərini bölüşdüyünü bildirib.

Daha sonra Konqresdəki Azərbaycan üzrə İşçi Qrupunun yeni respublikaçı həmsədri Ohayo ştatını təmsil edən Stiv Şəbot çıxış edib. Konqres üzvü 27-ci il öncə sovet qoşunlarının köməyilə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Xocalı şəhərində qətliam törətdiyi, qadın, uşaq və yaşlılar da daxil olmaqla 600-dən çox günahsız və silahsız Xocalı sakininin qətlə yetirildiyini vurğulayıb. S.Şəbot bu acı faciənin ildönümündə Azəbaycanla birgə olduğunu və qətlə yetirilmiş insanlarının xatirəsinin unudulmadığını diqqətə çatdırıb.

Bundan əlavə, Azərbaycanın ABŞ-ın strateji müttəfiqi olduğunu qeyd edən Konqres üzvü ölkəmizin enerji istehsalçısı kimi yalnız regionun deyil, eləcə də Avropanın enerji təchizatına verdiyi töhfəni təqdir edib. ABŞ və Azərbaycan arasındakı əməkdaşlığı və tərəfdaşlığı yüksək dəyərləndirən S.Şəbot Azərbaycanın Əfqanıstan kontekstində ABŞ-a göstərdiyi dəstəyə görə dərin minnətdarlığını ifadə edib.

Tədbirə Konqresdəki Azərbaycan üzrə İşçi Qrupunun digər üzvü Pol Qosar da qatılıb. Konqres üzvü çıxış edərək illər öncə Xocalı şəhərində baş vermiş faciədə həyatını itirmiş insanların unudulmadığını və onların əziz xatirəsinin hər zaman anıldığını qeyd edib.

Tədbirdə iştirak edən ABŞ-da yaşayan Xocalı şəhər sakini Anar Usubov doğma şəhəri ilə bağlı yaddaşındakı acı xatirələrini auditoriya ilə bölüşüb, Xocalıdakı uşaqlıq illərindən və müharibə zamanı Xocalı qətliamında yaşadığı ağrılı-acılı, çətin günlərindən bəhs edib.

Ailəsi və yaxınlarının başına gələn müsibətləri dilə gətirən Xocalı sakini oxuduğu məktəbin bombalandığı, yüzlərlə insanın necə əsir götürüldüyü və itkin düşdüyünü qeyd edib. Bu acı anların onun yaddaşında indi də canlı olduğunu və öldürülmüş ailəsi və qohumlarının, itirilmiş uşaqlığının heç bir zaman geri qayıtmayacağını vurğulayıb. Öz doğma şəhəri Xocalı daxil olmaqla, Azərbaycanın torpaqlarının işğaldan azad edilməsinin və doğma yurd-yuvasına qayıtmağın onun üçün yeganə təsəlli olacağını qeyd edən A.Usubov, dünyanın heç bir yerində insanların belə işgəncələrə məruz qalmayacağına ümidini ifadə edib. A.Usubovun çıxışı tədbir iştirakçılarına dərin emosional təsir göstərib.

Tədbirin sonunda həmçinin bu il Xocalı faciəsi ilə bağlı Konqres üzvləri tərəfindən verilmiş bəyanatlar səsləndirilib və Xocalı qurbanlarının xatirəsinə ehsan verilib.


Müəllif: Səxavət

Oxşar xəbərlər