Qətərin paytaxtı Dohada ABŞ və “Taliban” arasında Əfqanıstanda 17 illik müharibəyə son qoymaq məqsədilə aparılan danışıqlar davam edir.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, tərəflər arasında danışıqlar çərçivəsində “Taliban” hərəkatının həmtəsisçisi Molla Əbdül Qəni Bəradarın ABŞ-ın xüsusi təmsilçisi Zalmay Xəlilzad ilə yanvarda keçirdiyi görüşdən sonra Birləşmiş Ştatların hərbi kontingentinin Əfqanıstandan çıxarılması və atəşkəsə əməl olunmasının detalları hazırlanıb.
“Taliban”ın sözçüsü Süheyl Şahin bildirib ki, onlar üçün danışıqlarda müzakirə olunan əsas məsələ xarici ölkələrin hərbi kontingentlərinin Əfqanıstandan çıxarılmasıdır. ABŞ isə bu ölkənin ərazisindən özünə və müttəfiqlərinə qarşı istifadə olunmaması üçün zəmanət, habelə atəşkəsin bərqərar olmasını istəyir. Onun sözlərinə görə, danışıqların bu mərhələsində razılıq əldə olunmayacağı təqdirdə növbəti görüşlərin keçirilməsi istisna edilmir.
Qeyd edək ki, Doha danışıqlarında ən mürəkkəb problem “Taliban”ın ölkə Prezidenti Əşrəf Qəni ilə saziş imzalamaqdan boyun qaçırması və rəsmi Kabili Qərbin “oyuncağı” hesab etməsidir. Əfqanıstan rəsmilərinin bu danışıqlarda iştirak etməməsi də mübahisəli şərait yaradıb.