11 Aprel 2019 11:44
931
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Şimali Afrikanın üç müsəlman ölkəsində - Liviya, Əlcəzair və Sudanda ictimai-siyasi vəziyyət gərginləşib. Dövlət çevrilişinin baş verdiyi Sudandan fərqli olaraq, Liviyanı cənginə almış vətəndaş müharibəsi davam edir. Əlcəzairdə isə hakimiyyətə qarşı kütləvi nümayişlər başlayıb”.

Teleqraf.com xəbər verir ki, bunu türk politoloq Taha Dağlı yazıb.

Ekspertin fikrincə, 2011-ci ildə NATO-nun Liviyaya hərbi müdaxiləsindən sonra Muəmmər Qəddafinin devrilərək qətlə yetirilməsi bu ölkəyə xoşbəxtlik gətirmədi:

“Hazırda ölkədə bir-birinə qəbul etməyən bir neçə siyasi qüvvə var ki, Liviyanın legitim hakimiyyəti olduğunu iddia edir. ABŞ, İsrail və digər regional dövlətlərin dəstəklədiyi əsas qüvvə isə general Xəlifə Hafterin başçılıq etdiyi koalisiyadır. Əlbəttə, ABŞ-la yanaşı Avropanın da qiyamçı generalı dəstəkləməsi təsadüfi deyil.

ABŞ kəşfiyyatının mətbəxində yetişdirilmiş Xəlifə Hafter Qərbin Liviyada möhkəmlənməsi üçün əsas giriş qapısı sayılır. Dünyanın 9-cu ən zəngin neft ölkəsi sayılan Liviya bu baxımdan, Avropa və ABŞ üçün strateji əhəmiyyətə malikdir”.

Taha Dağlı Şimali Afrika bölgəsinin digər ölkəsi Əlcəzairdəki son vəziyyətə də diqqət çəkib: “Prezident Əbdüləziz Butefilkanın istefası da hakimiyyətə etiraz üçün küçələrə tökülmüş xalqı sakitləşdirmədi. Etirazçılar siyasi rejimin tamamilə dəyişməsini tələb edirlər. Bundan sonra parlamentin sədri Əbdülqadir bin Saleh müvəqqəti olaraq, prezident kürsüsünə əyləşsə də, xalq buna da etiraz etdi.

Əlcəzairlilər Salehi Buteflika rejiminin təməl daşlarından biri olduğu ittihamı ilə rədd etdilər. Hazırda da Fransanın müstəmləkəsi statusunda olan Əlcəzair Qərbin diqqətində olan bir ölkədir. Çünki neft ehtiyatları ilə yanaşı, yeraltı təbii sərvətlərə sahib bir yerdir. Əlcəzairin 100 ton qızıl, 10 milyon ton dəmir, 30 min ton uran ehtiyatları var. Təbii qaz ehtiyatlarına görə dünyanın onuncu ölkəsidir. Lakin Əlcəzair xalqı heç bir halda müstəmləkəçilikdən xilas ola bilmir. Nəhəng zənginliyə baxmayaraq, Əlcəzair xalqı yoxsulluq səviyyəsindən də ağır şərtlər altında yaşayır”.

Ekspert qeyd edib ki, Sudanda da dövlət başçısı Ömər Bəşirə qarşı çevrilişə cəhd edilib:

“Xalq kütlələri bir müddətdir küçələrdə Bəşir rejiminə etiraz edir. Keçən ay rejim etirazları zorakılıqla yatırsa da, keçən həftədən etibarən nümayişlər yenidən başlayıb. Ordunun etirazçılara dəstək verməsi isə, rejimi çətin vəziyyətə salıb.

Zəngin yeraltı səvətlərə malik Sudan İsrail və BƏƏ kimi bölgə dövlətlərinin nəzarətindədir. Bu isə xalq baxımından narahatlıq yaradan vəziyyətdir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər