3 Sentyabr 2014 20:24
720
12 Punto 14 Punto 16 Punto 18 Punto

2012-ci ilin dekabrında Yaponiya hökumətinə rəhbərliyə başlamış Baş nazir Şinzo Abe ilk dəfə olaraq Nazirlər Kabinetinin tərkibində dəyişikliklər aparıb. Hazırda 18 nazirdən ibarət olan Nazirlər Kabinetinin 12 naziri yeni təyinat alanlardır.

Sentyabrın 3-də İmperator sarayında keçirilən mərasimdən sonra Nazirlər Kabineti yeni tərkibdə rəsmi olaraq fəaliyyətə başlayıb.

Şinzo Abe kabinetin tərkibində olmuş altı naziri öz vəzifəsində saxlayıb. Bunların sırasında Baş nazirin müavini Taro Aso, həmçinin xarici işlər naziri Fumio Kişida da var.

Təhsil, mədəniyyət, idman, elm və texnika, həmçinin 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya və Paralimpiya Oyunlarının təşkilinə məsul nazir vəzifəsi əvvəl olduğu kimi, yenə də Hakubun Şimomuraya həvalə olunub.

Liberal-Demokratik Partiyanın (LDP) hakim koalisiyada tərəfdaşı olan Komey Partiyasının Nazirlər Kabinetində yeganə nümayəndəsi olan Akihiro Ota da milli torpaqlar, infrastruktur, nəqliyyat və turizm naziri vəzifəsində qalıb.

Bundan əlavə, Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa və iqtisadi bərpa naziri Akira Amari də əvvəlki vəzifələrində qalıblar.

Hakim Liberal-Demokratik Partiyada siyasi rəhbər vəzifəsində çalışan Sanae Takaiti ümumilli işlər, yerli muxtariyyət və rabitə naziri, Midori Matsusima yeni ədliyyə naziri, LDP-nin siyasi rəhbərinin sabiq müavini Yasuhisa Siozaki səhiyyə, əmək və sosial təminat naziri, Koya Nişikava kənd təsərrüfatı, meşə və balıqçılıq təsərrüfatı naziri, Yuko Obuti iqtisadiyyat, ticarət və sənaye naziri, Yoşio Motizuki ətraf mühit naziri, Akinori Eto müdafiə naziri təyin ediliblər. A.Eto həm də yeni vəzifəsində ölkənin təhlükəsizliyinin hüquq təminatı işləri naziri funksiyasını yerinə yetirəcək.

Maliyyə nazirinin sabiq birinci müavini Syuniti Yamaquçi Okinava və şimal əraziləri naziri təyin edilib. O həm də elmi və texnoloji siyasət naziri vəzifəsini icra edəcək.

Sentyabrın 3-də jurnalistlər qarşısında çıxış edən Şinzo Abe bildirib ki, yeni hökumət öz işində iqtisadi tərəqqi strategiyasını uğurla davam etdirmək üçün bütün gücünü sərf edəcək. Yeni hökumətin tərkibində beş qadının yer almasını şərh edən Ş.Abe bəyan edib ki, qadınların cəmiyyətdə rolunun artırılması hökumətin əsas vəzifələrindən biridir.


Müəllif:

Oxşar xəbərlər