15 Aprel 2019 19:13
652
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran hökuməti ölkədə 5 milyondan çox internet saytına girişi məhdudlaşdırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Tehranda dərc olunan “Kargözaran” qəzetinin son sayında məlumat verilib.

Baş prokurorun müşaviri Əbdülsəməd Xürrməbadi bununla bağlı bildirib: “Yasaq olunan saytların çoxu əxlaqi baxımdan antisosyal səhifələrdir və düşmənlərimiz qəsdən fars dilində yaratdıqları bu sosial şəbəkələr vasitəsilə belə bir addımı atırlar”.

Qeyri-rəsmi məlumatlara görə, bağlanan saytlar ölkədəki sosial-iqtisadi və maliyyə böhranları ilə bağlı problermləri mütəmadi olaraq qabardıb. Xaricdən idarə olunan müxlaifyönümlü internet resurslarına ölkə daxilində giriş tamamilə yasaqlanıb. Bunun üçün təhlükəssizlik orqanlarının “filtirasiya mərkəzi” fəaliyyət göstərir.

Hökumətin sözcüsü Məhəmməd Hacıpur qeyd edib: “80 milyonluq əhalisi olan İranda 21 milyon nəfər internet istifadəçisi kimi tanınır. Bizim yasaq etdiyimiz internet resursları və sosial şəbəkələr əksəriyyət tərəfindən müxtəlif proqramlar vasitəsilə qıraraq hərəkət edirlər”.



Tehran rejimi tərəfindən yasaqlanan sosial media və web saytlar

Son bir ildə ölkə parlamentinin qərarı ilə və şəriət hökmləri sayəsində 140-dan çox web saytlar tamamilə yasaq edilib. Bundan əlavə, ötən ilin iyul ayından bütün saytlar xüsusi nəzarətə alınıb. Beləliklə gənclərin xaricdən informasiya almaq və digər hüquqları sıfr həddinə endiribilib.

Rabitə naziri Fərhad Sepahram bununla bağlı belə bir açıqlama verib: “Gənclər xarici ölkələrin saytlarını izlədikcə müstəqil düşüncə adı ilə narazıların sayı atrır. Müxalif saytlara xaricdə Rza Pəhləvi (sonuncu şahın oğlu) və Əbülhəsən Bənisədr (şah rejimi devrildikdən sonra, ilk baş nazir olmuşdur) rəhbərlik edirlər. Ona görə də ayrıca ölkənin “Mədəni İnqilab Ali Şurası”nın irəli sürdüyü qərarlara önəm veririk. Bu müddəalardan çıxış edərək Qərbə bağlı peyk ötürücü TV kanalların izlənilməsini yasaq etmişik. Bir sözlə senzuranı tətbiq etməklə İranda Qərb siyasətinin qarşısını almaq imkanlarını qoruyuruq”.

“İsrail suçlaması” ilə kütləvi həbslər

Tehranda fəaliyyət göstərən və islahatçı qanad kimi tanınan “ammariyun” saytı qapdıldıqdan sonra orada çalışanlar “Mossad agenti” ittihamı ilə həbs olunublar. 2017-ci ilin avqustunda baş verən bu hadisədən sonra ölkə üzrə islahatçı düşüncəyə basqılar güclənib.

Parlamentin ən mühafizəkar deputatlarından biri kimi tanınan Mahmud Sadıqi rejimin qanunsuz əməllərinə don geyindirmək üçün deyib: “Instragama nəzarət edənlərin vasitəsilə öyrəndim ki, “ammariyun” saytını idarə edənlər və burada çalışanlar İsrailin “Mossad” kəşfiyyatına işləyirlər. Bu gün onların həbs edilməsinə normal baxmaq lazımdır”.

Ölkənin baş prokuroru Məhəmməd Cəfər Müntəziri faktiki olaraq, mühafizəkar çevrələrin mənafeyini ifadə edərək deyib: “İranda internet resurslarının nəzarətə alınması və bir çoxunun isə tamamilə qapadılmasına böyük ehtiyac var. Yenilik və islahatçılıq adı ilə 40 ildir idarə etdiyimiz sistemi devirmək istəyən düşmənlərimiz var. Halbuki, 40 ildir bizlər bu sistemi dişimizlə-dırnağımızla qoruyuruq. Bundan sonra 40 il hakimiyyətdə qalacağıq. Bu hakimiyyəti kimsəyə qurban vermək olmaz”.

Sistan və Bəlucstan vilayətlərində çıxış edən baş prokuror Məhəmməd Cəfər Müntəziri internet resursları ilə bağlı problemə toxunaraq bildirib: “Instragram” sosial şəbəkəsi tamamilə qapadılmalıdır. Bizim bu tipli sosial şəbəkələrə ehtiyacımız yoxdur. Xüsusilə gənclərin yalnış yerlərə yönlənməsini ənəgəlləməliyik”.

“Twıtter” İranda yasaq olsa da, ondan ən çox mollalar istifadə edirlər

“İranlı İşçilərin Həmkarlar İttifaqı” kimi tanınan ILNA-nın verdiyi məlumata görə, ölkə üzərində internet vasitələrinin nəzarətə alınması tamamilə yalnış addımdır. Sosial media anlayışı XXI əsrin inkişaf sürətidir. Xüsusilə, baş prokurorun bu barədə təhdid dolu açıqlamalar əsla qəbuledilməzdir.

İran informasiya və məlumat texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhrami isə bildirib ki, ölkədəki mühafizəkar çevrələr yeni texnologioyaların qarşısının alınması və sosial media üzərində nəzarəti gücləndirmək tipli təşəbbüsləri, xüsusilə “Instragam”a qarşı addımlar əhali arasında çoxlu problemlərə səbəb ola bilər. İndi hər kəs ticarətini, başqa şəhərdə təhsil alan övladı və digər məsələlərə görə “Instragam” sosial şəbəkəsindən istifadə edir.

O da bəllidir ki, İranda internet istifadəçilərinin 55 faizi “Telegram”, 23 faizi “Instragam” və az sayda olsa da, “Twitter”dən yararlanırlar. Digər yandan “Twitter”in yasaq olmasına baxmayaraq, “İran İslam İnqilabı Ali Şurası”nın sədri ayətullah Seyidəli Xameneyi”, ölkə prezidenti ayətullah Həsən Ruhani, xarici işlər naziri Məhəmməd Cavad Zərif və başqa rəhbərlər ən çox bu sosial şəbəkəsən istifadə edirlər.

2 fevral 2019-cu il tarixdən isə "Gmail", "Hotmail", "Yahoo" və "Facebook"a qarşı məhdudiyyətlər güclənib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər