Perunun sabiq prezidenti Alan Qarsiya (1985-1990, 2006-2011) məhkəmənin qərarına əsasən həbs olunarkən intihar edib.
Teleqraf.com xəbər verir ki, intihara cəhd göstərən sabiq prezident Lima hospitalında ölüb.
Telekanalın yaydığı məlumata görə, məhkəmə Alan Qarsiyanın korrupsiya haqqında iş üzrə 10 gün müddətinə həbs olunması barədə qərar çıxarıb. Prokurorluğun əməkdaşları orderi sabiq prezidentə təqdim etmək üçün onun Limadakı evinə gəliblər və bu zaman Qarsiya özünə qəsd edib.
Alan Qarsiya Braziliyanın Odebrecht tikinti şirkətinin işi üzrə korrupsiyada şübhəli bilinirdi. Ötən ilin noyabrında məhkəmə onun 18 ay müddətində ölkədən çıxmasına qadağa qoymuşdu. İstintaqın fikrincə, sabiq prezident şirkət üçün əlverişli müqavilə bağlanmasına kömək müqabilində 100 min dollar ala bilərdi. Təqsirini inkar edən sabiq dövlət başçısı 2018-ci il noyabrın 17-dən dekabrın 3-dək Uruqvay səfirliyində gizlənmişdi. Lakin ona sığınacaq verilməsindən imtina olunmuş və bundan sonra Qarsiya səfirliyin iqamətgahını tərk etmişdi.