Ukraynanın seçilmiş prezidenti Vladimir Zelenskinin ilk səfər edəcəyi ölkələrin qrafiki onun inauqurasiyasından sonra müəyyənləşəcək.
Teleqraf.com xəbər verir ki, bunu ölkənin eks-maliyyə naziri, hazırda V.Zelenskinin beynəlxalq əlaqələr, iqtisadiyyat və maliyyə üzrə müşaviri Aleksandr Danilyuk bildirib.
“Biz hələlik inauqurasiyanın tarixini bilmirik, bu barədə Ali Radanın qərarı olacaq. Vaxt müəyyən olunan kimi biz inauqurasiyanın formatını, həmçinin kimlərin gələcəyini və ilk səfərin hansı ölkəyə olacağını müəyyən edəcəyik. O da ola bilər ki, biz qrafiki müəyyən edək, ancaq xaricdə hansısa tədbirin keçirilməsi və prezidentin orada iştirakının vacibliyi məlum olar. Ona görə də hazırda qrafik barədə danışmaq çətindir. İnauqurasiyanın tarixi müəyyən olunduqdan sonra xarici səfərləri hazırlayacaq və dünya liderlərinin Ukraynaya dəvət edilməsi ilə məşğul olacağıq”, – deyə Danilyuk Brüsseldə olarkən jurnalistlərə bildirib.