Ermənistanın baş naziri Nikol Paşinyanın aprelin 25-da Pekində keçirilən “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumunda iştirak etməməsi onu tənqid hədəfinə çevirib.
Teleqraf.com xəbər verir ki, Ermənistanın “Armenia report” saytı Paşinyanı verdiyi vədlərə əməl etməməkdə suçlayıb.
Saytın yazdığına görə, müxalifətdə olan Paşinyan mitinqlərdə çıxış edərək Sarkisyan iqtidarını tənqid edərək yanlış siyasət ucbatından ölkənin enerji, nəqliyyat və iqtisadi blokada vəziyyətinə düşdüyünü bildirirdi: "Vurğulayırdı ki, halbuki Ermənistan Asiya ilə Avropa arasında tranzit rolunu oynaya bilər və dövlət büdcəsinə valyuta axınını təmin edər. İndi Paşinyan artıq müxalifət lideri deyil, ölkənin baş naziridir. Belə olan halda o dediyi sözlərin və verdiyi vədlərin həyata keçməsi üçün niyə heç bir iş görmür?"
Tevos Arşakyan adlı müəllif qeyd edib ki, Pekində keçirilən tədbirdə Azərbaycan, Gürcüstan və Rusiya yüksək səviyyədə təmsil olunub: "Forum çərçivəsində ümumi dəyəri 64 milyard dollar olan 283 müqavilə imzalanıb. Azərbaycan və Gürcüstan da bu müqavilələrdə iştirak edərək öz iqtisadi vəziyyətlərini daha da yaxşılaşdırmağa çalışdılar. Lakin Ermənistanı bu tədbirdə təbiəti mühafizə naziri ilə təmsil olundu və Çin ilə ekologiyanın mühafizəsi sahəsində əməkdaşlıq haqqında protokol imzaladı".
Müəllif ironik tərzdə yazıb: "Görəsən təbiətin mühafizə naziri Erik Qriqoryanın ekologiyanın mühafizəsinə dair imzaladığı sənəd Ermənistan iqtisadiyyatının dirçəlməsinə necə təsir göstərəcək? Paşinyanın başı daha çox hakimiyyətini möhkəmləndirməyə qarışıb. Ölkənin problemlərinə isə nəinki ikinci, heç üçüncü dərəcəli məsələ kimi də baxılmır".