24 May 2019 22:37
738
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qarabağ klanı”nın baş nazir Nikol Paşinyanı nüfuzdan salmaq üçün guya işğal olunmuş müəyyən torpaqlara nəzarəti Azərbaycana verəcəklərinə dair yayılan məlumatı ciddi hesab etmək lazım deyil. Ermənistan tərəfi münaqişənin ilkin mərhələsində həmişə həmfikir olub, biz isə öz aramızda daha parçalanmış vəziyyətdə olmuşuq. Ermənistanda ciddi şəkildə fikir ayrılıqları ola bilər. Biz ilk ciddi fikir ayrılığını Levon Ter-Petrosyanın mərhələli həll variantını qəbul etmək istəyərkən gördük.

Bunu Teleqraf.com-a açıqlamasında “Qafqaz” Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) rəhbəri, siyasi ekspert Araz Aslanlı bildirib.

O qeyd edib ki, 1999-cu ildə Ermənistan parlamentində törədilən qırğın da bunun bir göstəricisi idi:
“Buna qədər onlar Qarabağ probleminə dair ciddi fikir ayrılığı yaşamayıblar. Hazırda isə münaqişənin həlli məsələsinə yanaşmada fərqliliklər görürük. Təbii ki, daxildə müəyyən fikir ayrılıqları, iqtidar uğrunda mübarizə var. Paşinyanın yaxınlığındakı bəzi şəxslərin son seçkilərdəki qələbəni Qarabağdakı işğalçılıq müharibəsindəki “qələbə”dən daha üstün tutmaları müəyyən mübahisələrə səbəb olub. Amma mən zənn etmirəm ki, onlar Paşinyanı gözdən salmaq üçün Azərbaycana torpaq versinlər. Belə bir şeyə inanmıram”.

A.Aslanlı qeyd edib ki, Azərbaycan Ordusu uğurlu əməliyyat keçirib haranısa azad edə bilər:

“Amma onlar daxili mübarizəyə görə indiyə qədərki mərhələdə bunu etməyiblər. Yəni, Azərbaycana torpaq verməyiblər. Bundan sonra da edəcəklərini gözləmirəm. Amma aralarında fikir ayrılıqları var. Bu fikir ayrılıqlarının obyektiv səbəbləri də mövcuddur. Belə ki, Ermənistan illərdir həll edilməmiş problemlərlə üz-üzədir. Bunun da təməlində Qarabağ problemi, Ermənistanın işğalçılıq siyasəti yatır. Bu işğalçılıq siyasətinin fonunda daxildəki hakimiyyət dəyişikliyi, parlamentin gülləbaran edilməsi, Ermənistanın regional layihələrdən təcrid olunması və sair problemlər ortaya çıxıb. İndi bu problemləri həll etməyə çalışırlar. Amma Paşinyan da daxili və xarici amilləri yaxşı hesablayıb. Onun hesabına görə, Köçəryanın həbsdən azad edilməsi tam Paşinyana rəğmən atılmış bir addım deyil. Paşinyan hakimiyyətə artıq xeyli vaxtdır ki, gəlib. Məncə o, kimi hansı məhkəmənin tutduğunu, hansı məhkəmənin azad edə biləcəyini ayırd edə biləcək qədər də təcrübə sahibidir”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər