İranın Əfqanıstandakı fövqəladə və səlahiyyətli səfiri Məhəmmədrza Bəhrami “Taliban” hərəkatına açıq-aşkar dəstək nümayiş etdirib.
Teleqraf.com xəbər verir ki, o, ölkəsinin “Taliban”ın Əfqanıstanın siyasi idarəetməsində təmsil olunmasını istədiyini deyib. Səfir, həmçinin, əlavə edib ki, İran Əfqanıstanda bütün hakimiyyətin “Taliban”ın əlində cəmləşməsini də dəstəkləmir.
M.Bəhrami Əfqanıstanın “Taliban” hərəkatına legitimlik verməməsini, eləcə də bu təşkilatla əlaqələr qurmaq istiqamətində “mənfi imic” formalaşdırmasını tənqid edib.
Qeyd edək ki, İran “Taliban” təşkilatına hərbi və maddi yardım göstərir. Rəsmi Tehran əvvəllər təşkilatla əlaqələrini inkar etsə də, son dövrlər “Taliban”a açıq siyasi dəstək nümayiş etdirir. Hətta 2018-ci ilin sonlarında İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif və Ali Milli Təhlükəsizlik Şurasının sədri Əli Şəmxaninin qeyd edilən terror təşkilatına açıq-aşkar dəstək verməsi iki ölkə arasında gərginliyə səbəb olmuşdu.
Digər tərəfdən, ABŞ bu il mayın 31-də Kabil şəhərində Marşal Fəhim hərbi universitetinin qarşısında “Taliban” tərəfindən həyata keçirilmiş kamikadze hücumunda İranın əlinin olduğunu bildirir. Bu hücum nəticəsində 4 mülki vətəndaş ölüb, 4 amerikalı hərbçi və yoldan keçən onlarla dinc insan yaralanmışdı.