ABŞ-ın kiber hücumla SEPAH-ın raket atmaq üçün istifadə etdiyi hərbi təchizatların kompüter sistemlərini sıradan çıxardığı ilə bağlı məlumat yayılıb.
Teleqraf.com xəbər verir ki, ABŞ mediasında yayılan xəbərlərə görə, kiber hücum iyunun 20-də həyata keçirilib. Hücumun SEPAH tərəfindən ABŞ-a məxsus pilotsuz uçuş aparatının vurulması və regionda neft tankerlərinə qarşı həyata keçirilmiş hücumlara cavab olduğu bildirilir.
Məlumatlarda həmçinin qeyd edilir ki, kiber hücum bir müddət öncədən – Oman dənizində neft daşıyan 2 tankerə qarşı təşkil edilmiş hücumdan sonra planlaşdırılıb, PUA-nın vurulmasından dərhal sonra isə icra edilib.
ABŞ rəsmilərinin media orqanlarına verdikləri məlumatlara əsasən, kiber hücum nəticəsində İranın qeyd edilən son hücumlarda SEPAH tərəfindən istifadə edilən bütün hərbi təchizatları sıradan çıxarılıb.
Ancaq İranın rabitə və informasiya Texnotogiyaları naziri Məhəmməd Cavad Azəri Cəhromi yayılan məlumatı təkzib edib. Cəhromi kiber hücumun “uğursuzluqla” nəticələndiyini iddia edib. Onun sözlərinə görə, ABŞ tərəfindən daim İrana kiber hücumlar təşkil edilir və ötən il onların sayı 33 milyondan çox olub.