Rusiya ilə Yaponiya arasında diplomatik böhran yaşanır.
Teleqraf.com xəbər verir ki, buna səbəb Osaka şəhərində G-20 sammitində istifadə edilən vizual materialda 4 rus adasının Yaponiya əraziləri kimi göstərilməsi olub.
Rusiya bu hərəkətinə görə Yaponiyaya diplomatik kanallar vasitəsilə etirazını çatdırıb.
Rusiya XİN-in sözçüsü Mariya Zaxarova bildirib ki, Yaponiya əsası olmayan torpaq iddialarını gündəmə gətirməklə G-20 zirvə görüşündə ev sahibi rolundan pis niyyətlər üçün istifadə edib.
Yaponiya isə Rusiyanın iddialarını qəbul etməyib, Tokionun bu məsələ haqqında mövqeyini Rusiya rəsmilərinə açıqladığını ifadə edib.
Yaponiyanın şimal bölgəsi adlandırdığı Kuril adalarının bir parçası olan 4 adanı Rusiya II Dünya Müharibəsi zamanı işğal edib. Adaların Yaponiyanın bir parçası olduğunu və işğal edildiyini bəyan edən Yaponiya Kuril adalarının geri verilməsini Rusiya ilə sülh anlaşmasının əsas şərti kimi irəli sürür.
II Dünya Müharibəsi bitdikdən sonra məhz bu duruma görə, iki ölkə arasında sülh müqaviləsi bağlanmayıb.