İranın dini lideri Əli Xameneyinin şəklini yandıran Güney Azərbaycanın Təbriz şəhər sakini Əmir Ramin Fərd həbs olunub.
Teleqraf.com xəbər verir ki, o, İran İnqilab məhkəməsinin qərarı ilə 2 il azadlıqdan məhrum edilib.
Əmir Ramin Fərd, “İran hakimiyyəti əleyhinə təbliğat aparma” ittihamına görə 1 il, “dini rəhbəri təhqir etmə” ittihamına görə isə 2 il həbs cəzasına məhkum edilib.
O, həbsdən əvvəl bir məktub yazaraq, İran həbsxanalarında siyasi məhbusların şübhəli ölümlərini xatırladıb, məktubda qeyd edib ki, həbs müddətində hər hansı oxşar hadisə baş verərsə, bunun məsuliyyətini İran hökuməti daşıyacaq.
Əmir Ramin Fərd məktubda məhbusların vəziyyətini öyrənmək üçün beynəlxalq təşkilatlardan İran həbsxanalarına baxış keçirməsini də istəyib.
O, 2018-ci il iyunun 28-də Sina Zirək Qaraməleki, Əhməd Nədərxani və Əli Nədərxani ilə birlikdə İranın Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən saxlanılıb.