Suriyanın Menbiç şəhərindən təhdid davam edərsə, Şərqi Fəratda əməliyyata başlayarıq. ABŞ bu məsələdə mövqeyimizi bilməlidir.
Teleqraf.com xəbər verir ki, bu sözləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.
Təhlükəsiz bölgə üçün ABŞ-la hərbi qüvvə formalaşdırıldığını söyləyən türkiyəli nazir son zamanlar bu istiqamətdə keçirilən müzakirələrin axsadığını bildirib: “ İdlib bölgəsindəki problemləri bəhanə gətirərək müzakirələri yavaşıtmağın faydasının olmayacağını amerikalılara deyirik. ABŞ-ın sözünün üstündə durmadığını bir neçə dəfə gördük. Bunlardan biri də Menbiçdir.
Yol xəritəsinin məqsədi YPG/PKK-lıları çıxarmaq və yerli xalqa Menbiçi təslim etməkdən ibarətdir. Təxminən 14 ay oldu, amma nəticə yoxdur”.
Nazirin sözlərinə görə, təhlükəsiz bölgə formalaşdırıb terrorçuları təmizləməsələr, əməliyyat başlanacaq: “ABŞ diplomat göndərdi, yeni təklifləri olduğunu dedilər. Artıq bu məsələdə konkret addım atmaq lazımdır. Bu, bizim təhlükəsizliyimiz, Suriyanın ərazi bütövlüyü baxımından önəmlidir.
Suriyada YPG ucbatından bu günə qədər Türkiyəyə gəlib qayıda bilməyən insanlar var”.