"ABŞ “Huawei” texnologiyalarına alternativ 5G şəbəkəsini təkmilləşdirməkdə İrlandiya ilə əməkdaşlığa ümidvardır".
Teleqraf.com xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Mayk Pens İrlandiyanın baş naziri Leo Varadkarla birgə mətbuat konfransında bildirib.
“Biz “Huawei”ə alternativ 5G şəbəkəsi yaratmaq üçün dünyanın bütün telekommunikasiya şirkətlərilə çalışır və İrlandiya ilə də bu məsələdə əməkdaşlıq edə biləcəyimizə ümidvarıq”, - deyə Ağ Ev rəsmisi qeyd edib.
Xatırladaq ki, ötən gün ABŞ-ın vitse-prezidenti M.Pens ilə Polşanın baş naziri Matey Moravetzki tərəfindən imzalanan "5G şəbəkələrinin təhlükəsizliyi” bəyannaməsində beşinci nəsil rabitə şəbəkəsinin təhlükəsizliyinə dair daha əvvəl qəbul olunmuş sənədlərə, o cümlədən sağlam rəqabət və mövcud hüquqi sənədlərə əsasən yaradılmaları müddəalarına əməl etmək nəzərdə tutulur.
Mayın 15-də ABŞ prezidenti Donald Tramp ölkənin informasiya və rabitə infrastrukturunu xarici təhdidlərdən qorumaq üçün fövqəladə vəziyyət fərmanı imzalamışdı. Bununla bağlı mayın 17-dən “Huawei” milli təhlükəsizliyə təhlükə yaratdığı üçün qara siyahıya salınıb. Mayın 20-dən isə şirkətə şəbəkələrin servisini həyata keçirmək, mobil cihazlar üçün proqramlar təmin etmək hüququ verən 90 günlük xüsusi lisenziya verilib.