Azərbaycanın Ermənistan ordusu tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsindəki separatçıların başçısı Bako Saakyan istintaqa ifadə verib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanda fəaliyyət göstərən “Haykakan Hamanak” nəşri məlumat yayıb.
Nəşr Saakyanın Ermənistan Xüsusi İstintaq Xidmətində dindirildiyini bildirib.
Məlumata görə, Bako Saakyan 2008-ci il 1 mart hadisələri zamanı qoşunların Qarabağdan İrəvana köçürülməsinin səbəbləri barədə suallara cavab verib.
Əlavə edək ki, 2008-ci il martın 1-də İrəvanda hakimiyyət əleyhinə keçirilmiş dinc aksiyalarda iştirak edənlərə odlu silahlardan atəş açılması nəticəsində təxminən 20 nəfər həlak olub.
Ermənistanın ikinci prezidenti Robert Köçəryan qətliamın sifarişçisi qismində həbs olunub.