Türkiyə ilə Suriya hökumətləri arasında münasibətlərin bərpa edilməsi rəsmi əlaqələrin qurulması əslində hər iki dövlətin nəfinədir. Sadəcə olaraq? indiki situasiyada bu yaxınlaşma real görünmür.
Bu fikirləri Teleqraf.com-a politoloq Fərhad Mehdiyev son zamanlar Ankara ilə Dəməşq arasında münasibətlərin bərpa edilməsinin vacibliyi haqqında deyilənləri şərh edərkən bildirib.
Politoloq əlavə edib ki, əslində münasibətlər bərpa edilsə, Türkiyə həm İdlib problemini, həm də Fəratın şərq sahillərində mövqe tutan YPG narahatlığını daha asan formada yoluna qoya bilər. Onun fikrincə, indi Türkiyənin Suriya ilə dövlət səviyyəsində əlaqələri bərpa etməsinə iki əsas amil maneə olur: “Ankara ilə Dəməşq arasında birbaşa əlaqə yoxdur, bu əlaqə üçüncü tərəf vasitəsilə nizamlanır. Yəni Rusiya vasitəsilə. Prosesi də Moskva idarə edir. Bunu İdlib böhranı zamanı da gördük.
Yaxşı olardı ki, Ankara Dəməşq hökuməti ilə birbaşa əlaqələr qurub ortaya çıxan çətinlikləri yoluna qoysun. Ancaq bəzi amillər buna maneə olur.
Birincisi, əsas çətinlik odur ki, 2011-ci ildə Ankara Bəşər Əsədlə münasibətləri çox pis şəkildə pozub. İndi AKP hökuməti Suriya ilə münasibətləri bərpa etməyə getsə, daxildə müxalifət buna görə Ərdoğan hökumətini ciddi tənqid edəcək. Bəyan olunacaq ki, niyə zamanında səhv siyasət apararaq Əsədlə münasibətləri korlamağa qədər getmisiniz. Bu da ölkə daxilində AKP-nin nüfuzuna müəyyən qədər təsir edəcək.
İkincisi, Suriyada Türkiyə tərəfindən dəstəklənən hərbi-siyasi qüvvə var. Azad Suriya Ordusu (ASO). Onların sayı nə həddən artıq çoxdur, nə də azdır. Amma ciddi qüvvə kimi qalır. Ankara həmişə ASO-ya dəstək verib. İndi Ankara Bəşər Əsədlə danışıqlara getsə, uzun illərdir dəstəklədiyi bu qüvvənin taleyi necə olacaq? Görünən budur ki, Türkiyə hələlik bu qüvvəni Əsədə satmaq istəmir. Uzun müddət ASO-ya dəstək, silah, maliyyə verilib, yaralılarını müalicə ediblər. İndi qəfildən bu qüvvəni Əsədə satmaq mümkün deyil. Bu məsələdə Ankara düz edir. Ola bilsin ki, əslində Türkiyə və Suriya arasında gizli danışıqlar gedir, bu danışıqlarda ASO-nun statusu müzakirə edilir, sadəcə, bizim xəbərimiz yoxdur. Amma ASO Türkiyənin Bəşər Əsədlə danışıqlara getməsini arzu etmir və Əsədin tabeçiliyinə keçmək də istəmir. Hesab edirəm ki, məhz bu amillər Türkiyənin Dəməşq hökuməti ilə birbaşa əlaqələr qurmasına mane olur”.
Politoloqun fikrincə, əslində Türkiyə və Suriya yaxınlaşması ilə Ankara həm İdlib məsələsi, həm də YPG problemini yoluna qoya bilər: “Diqqətlə baxsanız görərsiniz ki, Rusiya Fəratın şərq hissələrində mövqe tutan silahlı kürdlərlə əlaqədar mövqe ifadə etmir. Niyə? Rusiya YPG-yə qarşı bir halda konkret mövqe ortaya qoya bilər ki, bunun üçün Türkiyə Suriyada ona yaxın müxalif qüvvələrə dəstəyini kəssin. Böyük ehtimalla bu məsələdə Moskva və Dəməşq eyni mövqedə dayanır. Yəni Ankaraya deylir ki, YPG məsələsində sizinlə razılığa gedirik, siz də Suriyada sizə yaxın müxalif qüvvələrdən imtina edin”.