“Üçüncü Şimali Koreya-Amerika sammiti yalnız iki ölkə arasında aparılan dialoq uğurla inkişaf etdiyi təqdirdə mümkündür”.
Teleqraf.com xəbər verir ki, bu barədə Cənubi Koreya prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Çon İy Yon Şimali Koreya nümayəndələri ilə görüşdən sonra bildirib.
Onun sözlərinə görə, ABŞ və Şimali Koreya liderlərinin yeni görüşü yalnız dialoq iş səviyyəsində davam edərsə, baş tuta bilər.
Ölkə rəsmisi qeyd edib ki, Seul Şimali Koreya ilə təmasları sürətləndirmək üçün ABŞ-la sıx işləyir.
Sentyabr ayında ABŞ Prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen İnlə bu ilin sonuna qədər görüşməyi planlaşdırdığını açıqlamışdı. Lakin rəsmi Pxenyan Trampın tələsik açıqlama verdiyini bildirmişdi.
İlk ABŞ-Koreya sammitləri 2018-ci ilin iyununda Sinqapurda, 2019-cu ilin fevral ayında isə Hanoyda keçirilib. Hər iki zirvə görüşü nəticəsiz qalıb.
Tramp və Kim Çen İn bu ilin iyunun 30-da Cənubi Koreya və Şimali Koreya sərhədində qısa görüş keçirib.
Mənsur Rəğbətoğlu