SSRİ-nin xalq artisti Sofiya Rotarunun Rusiya səhnəsinə qayıtması bu ölkədəki bəzi siyasətçilərin və şou-biznes ulduzlarının hiddətlənməsinə səbəb olub. Rusiya Federasiya Şurasının (parlamentin yuxarı palatası) Sosial komitəsinin rəhbəri Valeri Ryazanski tamaşaçıları uzun fasilədən sonra Rusiya səhnəsinə qayıtmaq qərarına gələn Sofiya Rotarunun konsertlərinə qatılmamağa çağırış edib.
Teleqraf.com-un məlumatına görə, o deyib:
“Bir sıra xarici ifaçılar Rusiyanı tənqid edirlər, burada hər şeyin pis olduğunu söyləyirlər, ancaq pul qazanmaq lazım olduqda Rusiyaya gəlirlər. Mənim fikrimcə, Rusiya Mədəniyyət Nazirliyinin də Ukraynadakı kimi qara siyahısı olmalıdır ki, bu kimi hallarda təsir imkanlarına sahib olsun. Mədəniyyət və sənətin siyasətdən kənar olduğunu deyirlər, amma həyatda elə deyil”.
Komitə sədri müğənninin qarşıdakı konsertlərinə necə reaksiya göstərmək lazım olduğunu da tamaşaçılara izah edib: “Bu cür çıxışlara ən yaxşı cavab zaldakı boş yerlər olacaq”.
Xatırladaq ki, Sofiya Rotaru uzun fasilədən sonra “İlin mahnısı” və “Retro FM əfsanələri” yeni il televiziya proqramlarında iştirak etmək üçün Rusiya səhnəsinə qayıtmaq niyyətindədir. O, həmçinin, korporativ çıxışlar üçün sifarişləri də nəzərdən keçirir. Müğənninin bu mövsümdə korporativ çıxışlar üçün qonorarı 50-60 min dollar olacaq.
Onun Rusiya səhnəsinə qayıtması cəmiyyətdə qarışıq reaksiya doğurub. “İlin mahnısı”nın aparıcısı Angelina Vovk müğənninin Rusiyaya gəlmək üçün heç bir səbəbinin olmadığını bildirib. Aktyor İvan Oxlobıstin hesab edir ki, tamaşalardan gələn pul “Donbas sakinlərinin atəşə tutulması” üçün Rotaruya veriləcək. Yuri Loza isə düşünür ki, Rotarunun qərarı ona göstərilən siyasi təzyiqlə əlaqəlidir.
Xatırladaq ki, 2018-ci ilin sonlarında Sofiya Rotaru Rusiyada “İlin mahnısı”nda çıxış etməkdən imtina edib və Ukrayna Prezidenti Petro Poroşenko tərəfindən elan edilmiş hərbi vəziyyət rejiminə görə Rusiyadan aldığı bütün korporativ sifarişləri təxirə salıb. Artist 2014-cü ildən konsertlər üçün Moskvaya gəlməkdən tez-tez imtina edir.
2002-ci ildən Ukrayna qəhrəmanı olan müğənni Kiyev və Yaltada yaşayır.