29 Noyabr 2019 20:26
555
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən İslam Əməkdaşlığı Təşkilatı (İƏT) Gənclər Forumunun Bakıda yerləşən Avrasiya Regional Mərkəzi, Tatarstan hökuməti və Tatarstan “Sələt” Gənclər Hərəkatının təşkilatçılığı ilə 5 gün ərzində Kazan şəhərində keçirilən 1-ci Beynəlxalq İƏT Modeli-Avrasiya Gənclik Konfransı öz işini başa çatdırıb.

Teleqraf.com xəbər verir ki, konfransın açılış mərasimində Tatarstanın Gənclər Nazirinin müavini Timur Süleymanov, İƏT Gənclər Forumunun Avrasiya Regional Mərkəzinin Baş direktoru Elməddin Mehdiyev, Tatarstanın Turizmin İnkişafı üzrə Mərkəzinin rəhbəri Dilbər Sadıxova, İƏT Gənclər Forumunun Baş direktoru Rəsul Ömərov və digər rəsmi şəxslər çıxış edib.

25 ölkəni təmsil edən 100-dən çox gənc liderin qatıldığı konfransda mədəniyyət, iqtisadiyyat və humanitar komitələrə bölünməklə, İƏT gündəliyində olan müxtəlif mövzular ətrafında fəal müzakirələr aparılıb.

Konfransın son günü gənclərin qəbul etdiyi yekun qətnamələrdə Ermənistanın Azərbaycana qarşı işğalçı siyasəti nəticəsində Azərbaycan xalqına aid mədəni irs və mülkiyyətin vəhşicəsinə məhv edilməsi qınanıb və bu irsin qorunması üçün BMT TŞ-nin qəbul etdiyi 4 qətnamənin işğalçı dövlət tərəfdən icra olunması tələb edilib.

Bundan başqa, humanitar mövzuda qəbul edilən qətnamədə gənclər Cənubi Qafqazda zamanı keçmiş və təhlükəli AES-lərin qəbul edilməzliyi haqda qətnamə qəbul ediblər.

Konfransın yekununda ADA Universiteti tələbəsi Suat Muradov “ən yaxşı nümayəndə”, Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alan nepallı tələbə Darşana Gurunq və Dövlət İdarəçilik Akademiyasının tələbəsi Azər Həziyev “ən yaxşı nümayəndə heyəti” olaraq seçiliblər.


Müəllif: Cavad