“Erməni mediasında Baş nazir Nikol Paşinyanın parlament komandasından narazı qaldığı və qanunverici orqanı dağıtmaq istədiyi haqda məlumatlar yayılır. Lakin Paşinyanın rəhbərliyi altındakı inqilabçı hakimiyyət üçün hazırda erkən parlament seçkilərinin keçirilməsi tövsiyə edilmir”.
Teleqraf.com xəbər verir ki, bu fikirlər bir sıra erməni ekspertlərin dilindən səsləndirilib.
Politoloq Boris Navasardyan baş nazirin komandası ilə münasibətlərində narazılıq olduğunu, bu səbəbdən parlamenti dağıtmaq haqda düşündüyünü istisna etməyib:
“Amma indiki məqamda parlamenti buraxaraq, erkən seçkilərə getmək Paşinyanın siyasi karyerasına son qoya bilər. Buna görə də Paşinyan ciddi düşünməli və bu fikir ətrafında daha ciddi ictimai-siyasi konsensus olmalıdır. Əgər hakimiyyətin parlamenti dağıtmaq istəyi varsa, onda 2018-ci ilin erkən parlament seçkilərindən əvvəl bu barədə düşünməli, vaxtından əvvəl qurulmuş parlamentin qısa ömrü olacağını və konkret problemləri həll edəcəyini ictimaiyyətə bildirməli idi”.
Digər tərəfdən, Navasardyan yaxın vaxtlarda erkən seçkilər keçiriləcəyi halda Paşinyan blokunun hökuməti təkbaşına formalaşdırmaq üçün kifayət qədər səs toplaya biləcəyinə şübhə edir:
“Amma narazılığı əsaslandıraraq, parlamenti dağıtmaq, bütün sistemi silkələmək, vəsait xərcləmək və seçki kimi geniş miqyaslı bir tədbir keçirməkdən ibarət bir prosesin onlar üçün nə qədər xeyirli olacağını söyləmək də problematikdir. Bu barədə əvvəlcədən düşünülməli idi.
Aydın oldu ki, Paşinyan komandası dövlət idarəçiliyi üçün bütün məsuliyyəti öz üzərinə götürməyə hazır deyil. Paşinyanın komandası əvvəldən bu məntiq çərçivəsində işləməli, möhkəmlənməli idi ki, seçkidən və ya inqilabdan sonra öz sıralarında olan yoldaşlarından yaxa qurtarmağa cəhd etməsinlər. Bu, əvvəlcədən edilmədi, bu səbəbdən hakimiyyətə erkən seçki keçirmək sərfəli deyil”.
Politoloq Armen Bağdasaryan isə hesab edir ki, Paşinyan erkən seçkilər üçün Konstitusiya islahatlarına ümid edirdi, amma göründüyü kimi, bu islahatlar da digər vədlər kimi küncə qoyulub: “Başqa sözlə, erkən seçki və ya parlament komandasının ləğvi üçün siyasi məqam yetişməyib. Əksinə, hakimiyyətin konsolidasiyaya ehtiyacı var, çünki onlara daxili və xarici təzyiq getdikcə artacaq. Hücumlar şiddətlənəcək”.
Əlavə edək ki, “Hraparak” qəzeti Baş nazir Nikol Paşinyanın parlamenti buraxaraq, erkən seçkilərə getməyə hazırlaşdığı haqda məlumat yayıb. Nəşr bu qərarının Paşinyanın komandası ilə arasında münasibətlərin norlamanması ilə əlaqələndirir, qeyd edir ki, baş nazir bununla hakim komdanda daxilində özünə qarşı baş qaldırmış etirazların qarşısına keçmək istəyir.