Ukrayna Baş Naziri Aleksey Qonçaruk Prezident Vladimir Zelenski haqda söylədiklərinin kontekstdən kənar olduğunu və dövlət başçısının biliyini qiymətləndirmədiyini iddia edib.
Teleqraf.com xəbər verir ki, Yutub sosial şəbəkəsindəki kanallardan birində yayımlanan videoçarxda Qonçaruk Zelenski barədə birmənalı şəkildə danışır, xüsusən prezidentin iqtisadi proseslər haqqında primitiv anlayışının olduğunu bəyan edir.
Qonçaruk sözügedən görüntüdə Zelenskini “qeyri-peşəkar” adlandırır. Ukrayna Nazirlər Kabinetinin mətbuat xidməti isə internetdə yayılan səs və ya video yazıların həqiqiliyinə dair məlumatı olmadığını bildirib. Qançarukun özü səs yazısının yayımlanmasını “xəyalpərəstlərin hiylələri” adlandırıb.
İddiaya görə, Qonçaruk səs yazısının yayılmasından sonra istefa məktubu yazdığını və Zelenskiyə təhvil verdiyini deyib. Yenə həmin iddiaya görə, Zelenski səs yazısı qalmaqalından sonra Baş Nazir və hökumətinə bir şans verməyə qərar verdiyini bildirib.
Baş Nazir yayılan məlumatları təkzib edərək bildirib:
“Zelenskinin biliyini qiymətləndirmədim, belə deyil. Bu ifadə kontekstdən çıxarılıb. Hesab edirəm ki, prezident çox ağıllıdır. Onun iş sahəsində böyük təcrübəsi var. İnanıram ki, yaxşı menecerdir və çox müdrik bir insandır. Bu, həmişə bütün auditoriyalarda səsləndirdiyim qiymətləndirmədir”.
Qeyd edək ki, ötən həftə - səs yazısının yayılmasından sonra hüquq-mühafizə orqanlarının əməkdaşları “1+1” televiziya kanalının ofisində reyd keçirib. Sözügedən media qrupu redaksiyada edilən axtarışları “mediaya təzyiq” adlandırıb. Axtarışlar telekanalın jurnalisti Denis Dankonun evində də aparılıb.
O, sözügedən səs yazısının yayımlanmasında şübhəli bilinir.