İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Suriya ordusunun (Bəşər Əsəd) İdlibə hücumunda 5 türk hərbçisinin həlak olmasından sonra açıqlama verərək, rəsmi Ankara və Dəməşq arasında dialoq qurmağa hazır olduğunu bildirib.
Teleqraf.com xəbər verir ki, ölkənin baş diplomatı Türkiyə və Suriya hökumətləri arasında vasitəçilik təklifini verib.
“İran, qardaş qonşular Türkiyə və Suriya arasında dialoq qurmağa hazır olduğunu təsdiq edir. Gərginliyin artması yalnız terrorçular və dəstəkçilərinin maraqlarına xidmət edir”, - deyə Zərif bildirib.
Qan tökülməsinin qarşısının alınmasının vacib olduğunu qeyd edən Zərifin sözlərinə görə, Suriyanın suverenliyi və ərazi bütövlüyünə hörmət etmək lazımdır.
Əlavə edək ki, ötən gün Bəşər Əsəd rejiminə bağlı qüvvələrin İdlibə hücumu nəticəsində 5 türk hərbçisi həlak olub. Bundan əvvəlki hücumda isə türk ordusunun 8 əsgəri həyatını itirmişdi.
Hücumlardan sonra açıqlama verən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan baş verənlərə səssiz qalmayacaqlarını açıqlayıb.