Alman professor Klengel “Kral Hammurapi və Babil gündəliyi” adlı kitabında Hammurapi qanunları ilə bağlı bu günədək məlum olanları əlinin arxası ilə itələyir. Kitab tarixi faktlar və rəsmi sənədlər üzərində ərsəyə gəlib. Hammurapi daş kitabında özünü belə təqdim edir:
“Mən Hammurapiyəm – kralam, mən müdrik insanam. Böyük Tanrı məni yüksəltdi: Yəni mən sürüsünü yaxşı güdən çomağı düz çobanam”. Hammurapi və qanunları əsrlərdir tarixçilərin araşdırma mövzularından biridir. Qədim Mesopatomiyanın ən önəmli və məşhur hökmdarlarındandır. Hammurapi ilə bağlı əsas məlumatları Şuş şəhərində tapılan daş kitabədən öyrənirik.
Teleqraf.com xəbər verir ki, Klengelin əsərinin əsasını həmin daş kitab, Babil arxivlərindən ələ keçən mixi yazımaterialları və Hammurapiyə aid rəsmi sənədlərdəki məlumatlar təşkil edir.
Klengel kitabında yazır:
“Babildə başını Tanrı Anu və Tanrı Enlilin yüksəyə qaldırdığı şəhərdə, Asangilada gövdəsi göy və yer kimi sonsuzadək qalan evdə, ölkənin hüquqlarını, qərarlarını müəyyən etmək, haqlarından məhrum edilmişlərə ədalət paylamaq üçün qüsursuz sözlərimi daş üzərinə yazdım və ədalətin kralı kimi öz rəsmimlə qanuniləşdirdim. Krallar arasında ən seçilmiş kral mənəm”.
Ən qədim yazılmış qanun
İndiyədək yanlış bilinən məqamlardan biri “Hammurapi qanunları”nın ən qədim yazılı qanun olması ilə bağlıdır. Əslində Hammurapidən əvvəl şumerli Ur Nammu e.ə XXI əsrdə ən qədim yazılı qanunları yazdırmışdı. Ur şəhərində tətbiq olunan bu qanunlar Hammurapinin qanunlarına da təsir etmişdi. Yəni 42 əsr əvvəl də insanlar ədalətə söykənən qanunlara ehtiyac hiss etmiş və kralları bu qanunları onlar üçün hazırlamışdı.
Kral Hammurapinin qanunları “lex talionis” adlanan prinsipə əsaslanırdı. Qanuna görə, bir insan başqasının sümüyünü qırardısa, hakimiyyət də o insanın həmin sümüyünü qırırdı. Ölüm cəzasını ön plana çıxaran cinayətlər barədə verilən hökmlər isə son dərəcə ağır idi. Bunlar müxtəlif işgəncələrlə müəyyən edilmiş hökmlərlə icra olunurdu. Məsələn, bir insan öz həyat yoldaşını öldürərdisə, onun cəzası döyülərək öldürülməkdi. Əgər bir uşaq öz atasını vurardısa, onun vuran əli kəsilirdi. Hammurapinin qanunlarında əsaslı bir dəlillə sübut olunmayan cinayətlərə də yer verilmişdi. Məsələn, cadugərlik ittihamı ilə üzləşənlər ölümcül şərtlər altında yaşamağa məcbur edilirdi, əgər sağ qalsaydılar, cinayət işləmədikləri sübut edilirdi. Məsələn, bir insan axını güclü çaya atılırdı, əgər sağ qalsaydı, günahsızlığı sübut olunurdu və onu Tanrının qoruduğu hökmü verilirdi.
Cinsiyyətə görə fərqlilik
Babilistanda qanunlar bir qədər elastikdi. Məsələn, qanuna görə, birinin dişini qıranın dişləri qırılacaqdı. Amma məsələn, cinayət aşağı sinifdən birinə qarşı işlənibsə, o zaman yuxarı təbəqədən olan insana pul cəzası verilirdi. Yenə də hamilə bir kölə öldürülsəydi, bunun da cəzası pul cəriməsi idi. Amma azad bir hamilə qadın öldürülsəydi, qatilin bir uşağı öldürülürdü.
Minimum əməkhaqqı
“Hammurapi qanunları” öz dövrünə görə müasir sayıla bilərdi. Məsələn, bəzi işlər üçün minimum əməkhaqqı müəyyən olunmuşdu. Bu əməkhaqqını ödəməyənlər də cəzalandırılırdı. Məsələn, tayfalar və naxırçılar ildə 1800 kiloqram buğda alırdılar. Həkimlər isə azad bir insanın qırılan sümüklərini bərpa etsəydi, 5 şekel əməkhaqqı alırdı. Azadlığa yeni çıxmış kölənin sümüyünün bərpası 3 şekel, kölələr üçün isə 2 şekeldi. Yəni əmə haqları da görülən işə görə yox, müştərilərin sosial siniflərinə görə müəyyən edilirdi.
Təqsirsizlik prezumpsiyası
“Hammurapi qanunları”nda günahkar olduğu təsbit edilmədikcə, hər kəsin günahsız olduğu yazılırdı. Hətta qanunlar “isbat yükü”nü iddiaçı tərəfin üzərinə elə bir şəkildə qoymuşdu ki, əgər bir insan hakimlər qarşısında iddialarını sübut edə bilməsəydilər, alacaqları cəza ölüm olurdu. Məhkəmənin başını əsassız yerə qatmaq, vaxtını almaq olmazdı.
Qanunların Babil mədəniyyətinə təsirləri
“Hammurapi qanunları” hələ də müzakirə mövzusudur. Bu qanunlara əlavələrin olması bir sıra faktlarla sübut olunsa da, bunların məhkəmə mühakimələri vaxtı ortaya çıxan hökmlər olması haqda iddialar da var.
Bəzi tarixçilərə görə, “Hammurapi qanunları” icra olunan qanunlar deyildi, kral Hammurapini ədaləti göstərmək üçün hazırlanmış siyasi təbliğat materialları idi və real həyatda tətbiq edilməmişdi. Səbəbi nə olur-olsun Babil kralı bu qanunların icra olunmasını və oxunmasını istəyirdi. Qanunlarda bu ifadəyə yer verilmişdi: “Kimsə şübhələr qarşısında qalsa, bu qanunları oxusun və ədaləti tapsın”.
Babilistanın fəth edilməsindən sonra
Hammurapinin imperiyası e.ə 1595-ci ildə süqut etdi. Hetlər Babilistanı talan edib bütün sərvətlərini ələ keçirdilər. Amma Hammurapinin qanunları o qədər güclü idi ki, onlara heç nə etmək mümkün olmadı. E.ə V əsrdə də bölgədə yaşayan bəzi xalqları bu qanunları daş kitabələrə yazıb, həyata keçirirdilər. Hammurapi öldü, amma qanunları 1000 illər boyu yaşadı. Dünya tarixində heç bir liderin yazdığı qanunlar hələ bu qədər qalmayıb.
Əsrlər sonra gün işığında
Əlbəttə bu qanunlar çox sonralar unudulub yoxa çıxdılar. Yenidən gün işığına çıxması üçün XX əsrin əvvəllərinə qədər gözləyəcəkdi. 1901-ci ildə fransız arxeoloqlarından ibarət bir qrup Şuş şəhərində apardıqları qazıntılar zamanı Hammurapinin itmiş qanunlarını tapdılar. Bu gün bu qanunları öz üzərində əks etdirən abidə Parisdəki Luvr Muzeyində saxlanılır.