Koronavirusun sürətlə dünyanı cənginə aldığı bu günlərdə 9 il əvvəl nümayişə çıxarılan bir film yenidən gündəmə gəlib. Qeyri-adi bir virusdan bəhs edən, heyətində Met Deymon, Cud Lou və Qvinet Peltrou kimi simalar olan “İnfeksiya” (“Contagion”) adlı film koronavirus səbəbindən internet saytlarında ən çox izlənilən ekran əsərlərindən biri olub.
Teleqraf.com xəbər verir ki, filmi ərəsəyə gətirən “Warner Bros” şirkəti virusun yayılmasından əvvəl filmin siyahıda 270-ci yerdə olduğunu, son günlərdə isə ən çox axtarılanlar sırasında qərar tutduğunu açıqlayıb.
Filmdə bir iş qadınını canlandıran Qvinet Peltrou Çində olduğu vaxt yoluxduğu bir virus səbəbindən həyatını itirir. Filmdə qeyri-adi bir virusun Çində ortaya çıxaraq dünyaya yayılması koronavirusla bağlı olaylarla arasındakı bənzərlikdən sadəcə biridir.
“İnfeksiya” filminin ssenarisi ilə real həyatda baş verənlər arasında inanılmaz oxşarlıqlar var. Peltrounun canlandırdığı obraz “MEV-1” adlanan virusa yarasadan yoluxmuş bir donuzdan infeksiya keçən Honq-Konq başçısı ilə görüşdükdən sonra yoluxur. Real həyatda isə mütəxəssislər koronavirusun Çinin Uxan şəhərində yarasalardan insanlara keçdiyini iddia edirlər.
Filmdə bəhs edilən “MEV-1” və koronavirus arasındakı bənzərliklərdən biri də, hər iki virusun tənəffüs yolu ilə bədənə daxil olması ilə bağlıdır. Amma filmdə “MEV-1”-in insanlar arasında ölüm nisbətinin 25 faiz olduğu halda, Ümumdünya Səhiyyə Təşkilatı koronavirus üçün bu nisbətin 3.4 faiz olduğunu açıqlayıb.
“İnfeksiya”nın müəllifi Skott Börns ekran əsərinə marağın artmasından təəccübləndiyini gizlətməyib.
Müəllif hesab edir ki, filmə marağın artması insanların bu kimi hallara qarşı müdafiəsiz olmasının göstəricisidir:
“Filmdə bəhs olunan virusla koronavirus arasındakı oxşarlıq sadəcə bir təsadüfdür, o qədər də önəmli deyil. Bundan daha önəmlisi, cəmiyyətin yayılan virusa qarşı reaksiyası və onların üzərindəki təsirləridir”.
Ötən ilin dekabr ayından Çinin Uhan şəhərindən yayılan koronavirus (Covid-19) bu günədək 119243 nəfər yoluxub, 4300 insan isə ölüb. Virus Azərbaycan da daxil olmaqla, dünyanın 119 ölkəsinə yayılıb.