“Çində yoluxma hallarının yalnız iki faizi ölümlə nəticələnib, Cənubi Koreyada da ölüm nisbəti aşağıdır. Türkiyədə müalicə olunan xəstələrin evə buraxılması haqda danışmaq hələ tezdir, amma qarşımızda Çin nümunəsi var. “Kovid-19”-a yoluxan hər kəs ölmür, əksəriyyəti sağalıb”.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Koronavirus Araşdırmaları Mərkəzinin üzvü, professor Əhməd Dəmircan deyib.
Professor koronavirusla bağlı bu məsələ üzrə mütəxəssislər arasında da bir narahatlığın olduğunu qeyd edərək, buna əsasın olmadığını vurğulayıb:
“Buna bənzər hallar əvvəllər də olub və bunun öhdəsindən gəlmişik. İndiki halda isə bunun qarşısını daha asan ala bilərik. Tibdə belədir: ən pis hallara qarşı hazır olmalısan. Biz də hazırıq”.
Dəmircan bu qorxunun öhdəsindən gəlməyin yolunun evdə qalmaqdan keçdiyini söyləyib:
“Ən böyük xahişimiz, bu qorxunu yaşamamaq üçün evdə qalmaqdır. Elə zənn edin ki, küçəyə çıxmaq qadağası tətbiq ediblər, bu zaman daha yaxşı olacaq. Zərurət olmadıqca, evdən çıxmayaq”.