2 Aprel 2020 09:05
4 180
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İndiki formasiya informasiyanın emalı və ona nəzarət etməklə prosesləri yönəltmək anlayışına dayaq tapır. Dünya siyasətindəki alətlər dəyişir, siyasət daha təsirli alətlərlə yürüdülür, eyni zamanda, dünya real müstəvidən virtual müstəviyə keçir”.

Politoloq Yeganə Hacıyeva belə düşünür. Onun Teleqraf.com-a müsahibəsini təqdim edirik.

- Yer kürəsini ələ keçirməyə başlayan pandemiyanın dünya düzənini dəyişəcəyi haqda danışırlar. Dünya düzəni, yəni hər şey mərkəzləşmiş və görünməz siyasi qüvvələrə tabedir?

- Koronavirus dünya düzənini dəyişmir, dünya düzəninin dəyişməsi prosesini sürətləndirdi. Qlobal anlamda gedən bu dəyişiklik 2010-cu ildən sonra geniş vüsət aldı. Dünyanın icimai-siyasi bir idarəetmə forması və ya ictimai-siyasi formasiyası vardı. Tarixən müxtəlif formasiyalar mövcud idi. Bu formasiyaların başladığı kimi, yekunlaşdığı bir dövr də olub. Dünya siyasətinin təkamül prosesi özündə mərhələləri, pillələri əks etdirir. Müəyyən dövrlərdə ictimai-siyasi formasiyaların bu pillələr üzrə hərəkəti müşahidə olunub.

Bizim də hazırda yaşadığımız düzənin dəyişmə prosesi yekunlaşmaq üzrədir. Bu nədən ibarətdir? 1980-ci illərdən başlayan kapitalizmin güclənməsi prosesi SSRİ-nin çökməsinə səbəb oldu. Bu, kapitalizmin qlobal anlamda Yer kürəsində güclənməsi idi. Buna adekvat olaraq, beynəlxalq miqyasda yeni ictimai-siyasi, hərbi-siyasi, iqtisadi təşkilatlar meydana çıxdı. Bununla dünyanın ictimai-siyasi düzəni müəyyən institutların əllərində cəmləşdi. Dünya həmin institutların maraqları çərçivəsində idarə olunmağa başladı. Bu, Avropa, Afrika, Sakit Okean hövzəsi ilə yanaşı, dünyanın bütün bölgələrini əhatə edirdi. Həmin bölgələr tabe olduğu bu regional qurumlar vasitəsilə idarə edilməyə başladı. Yəni dünya mərkəzləşdirilmiş idarəetmə sisteminə tabe edildi.

- Azərbaycan harada yer tutur?

- Azərbaycan bu anlamda Cənubi Qafqaz bölgəsinə daxildir. Düzdür, bu bölgəni birləşdirən bir regional birlik yoxdur, amma bir bütöv region kimi dünya birliyinin diqqətinə düşdük.

- Yeni dünya düzəninin 2010-cu ildə formalaşmağa başladığını dediniz...

- Dünyanı idarə edən gözə görünməyən və görünən qüvvələr vardı. 2010-cu ildən sonra isə mərkəzdənqaçma meyli gücləndi. Kənar qüvvələrin güclü təsirlərinə məruz qalan bu təşkilatlar öz nüfuzlarını itirməyə başladılar. Məsələn, Avropa İttifaqı, Avropa Şurası kimi qurumlar 1990-cı illərdə müstəqil idilərsə, 2000-ci illərin əvvəllərində bu təşkilatlar kənar qüvvələrin can atdığı qurumlara çevrildilər. Avopa Şurasının maliyyələşməsinin əsasında Rusiya möhkəmləndi, Avropa İttifaqının maliyyələşməsində Almaniya diktə edən tərəf oldu. Bu proses digər coğrafiyalar və beynəlxalq qurumları əhatə etdi. Beləliklə, bu beynəlxalq qurumlara üzv dövlətlər siyasi, iqtisadi və maliyyə lobbilərinin əllərində vasitələrə çevrildilər.

- Maraqlıdır...

- 2010-cu illərdə isə bu qurumlar daxilində idarəolunanlarla idarəounmayanlar arasındakı münasibətlərdə problemlər yarandı. Bu proses nə idarə edənləri, nə də idarə olunanları qane etdi. Çünki bu qüvvələr demokratiya və insan haqları kimi məsələləri bir sıra dövlətlərə təzyiq etmək üçün təsirli vasitələrə çevirdilər. Bu vasitələrdən istifadə edərək, iqtisadi lobbiləri vasitəsilə həmin dövlətlərdən iqtisadi dividendlər əldə etməyə başladılar. Bu siyasi metod uğur qazandı, istədiklərini əldə edə bildilər. Bu baxımdan, beynəlxalq insan haqları təşkilatları da bu yöndə istifadə olunurdu.

- Bu dəyişiklik qlobal bir anlaşmaya daxildirmi?

- Nəticə etibarilə, idarə olunanlar və idarə edənlər ortaq bir məxrəcə gəldilər ki, bu üsul özünü doğrultmur, siyasəti yeniləmək lazımdır. Əgər 1980-ci illərdən sonra formalaşan düzən kapitalizm adlandırılırdısa, bu gün qurulan düzənin belə bir adı yoxdur. İndi dünyda ən böyük təsiredici alət informsiyadır. İnformasiya məkanına nəzarət edən, həm də proseslərə yön verir, onu idarə edir. Yəni indiki formasiya, informasiyanın emalı və ona nəzarət etməklə prosesləri yönəltmək anlayışına dayaq tapır. Dünya siyasətindəki alətlər dəyişir, siyasət daha təsirli alətlərlə yürüdülür, eyni zamanda, dünya real müstəvidən virtual müstəviyə keçir. Biz pandemiyaya görə, insanların kütləvi şəkildə evlərindən işləməsi təcrübəsini gördük. Koronavirus hamımızı bir fakt qarşısında qoydu ki, dünya reallıqdan virtuallığa keçiddədir.

- Yəni yaşamağa öyrəşdiyimiz düzən tarixə qovuşur...

- Belə ifadə etsək, məlum siyasi, iqtisadi, hərb əsaslı beynəlxalq təşkilatlar tarixə qovuşur, cəmiyyətlər bununla təbiət qanunlarına tabe olur, ona geri dönür. Güc və nüfuz yeni dünya düzənində haqq etdiyi yerlərə gedəcək. Habelə “Qərb” adlandırdığımız düzən sıradan çıxır. Paralel olaraq, hüquq, siyasi, humanitar və hərbi prosesləri idarə edən ənənəvi beynəlxalq hüquq anlayışı və buna nəzarət edən təşkilatlar bu qlobal prosesin tərkib hissəsi kimi kənara itələnir.

- Koronavirusun dəyişdiyi dünyada adi insan necə dəyişdi?

- Sıravi insan başa düşdü ki, sabah olmaya da bilərmiş. Amma bura qədər insanlar işlərini, planlarını sabahadək – gələcəyə təxirə salırdı. Koronavirus dünyanı cənginə almağa başladıqdan sonra isə insan faniliyini, gücsüzlüyünü anladı. Pandemiya insanlara həm də, ətrafdakı insanlarla mehriban davranmağa, onları anlamağa sövq edir. Koronavirus sosial media məkanındakı informasiya burulğanında boğularaq aqressivləşən dünyanı bir az sakitləşdirdi. İnsanların getdikcə ağırlaşan aqressiyası yatmağa, aqressiv cəmiyyətlər birdən-birə mərhəmətli olmağa başlayıb. Koronavirus insanları humanist olmağa çağırır.

Dünya ayrı-ayrı cəmiyyətlər, ölkələr şəklində yox, bir ağızdan “Biz güclüyük” mesajını verir. Bəşəriyyət bununla tədricən kollektiv müdafiə anlayışına söykənir. Prosesləri real dünyadan virtual dünyaya daşısa da, düşüncələrdə insanları bir araya topladı. İndi hamı bir-birinə əl tutmağa, humanist olmağa çalışır. Fikrimcə, koronavirus dünya düzənini belə dəyişməyə başlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər