“Berni Sanders prezidentlik yarışını tərk etdikdən sonra Demokratlar Partiyasının rəhbərliyi tələyə düşdü”.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ-ın Tennessi Universitetinin professoru Andrey Korobkov deyib.
Demokratlar Partiyasından prezidentliyə namizəd, Vermontun 78 yaşlı senatoru Sanders seçilmək şansı olmadığı üçün namizədliyini geri çəkəcəyini bildirib. Beləliklə, ABŞ-ın keçmiş vitse-prezidenti 77 yaşlı Co Bayden seçkilərdə Demokratların əsas namizədi kimi hazırkı Prezident Donald Trampa rəqib olacaq.
Korobkov hesab edir ki, Demokratların rəhbərliyi bununla özünü təhlükəli tələyə salır, çünki çoxları Baydenin çox zəif namizəd olduğunu başa düşür.
Onun sözlərinə görə, Sanders yarışda qalsaydı, partiyanın manevr üçün daha çox yeri olardı: “Əgər namizədlərdən heç biri qurultayda lazımi sayda səs qazana bilməsəydi, üçüncü bir namizəd meydana çıxa bilərdi. Xüsusilə, koronavirusla mübarizədə fəal olan Nyu-York ştatının qubernatoru Endryu Kuomo çox aktiv idi, hətta perspektivli liderlər arasında Sandersi qabaqlamışdı”.
Ekspert Sanderin yarışdan çəkilməsindən sonra sövdələşmə ehtimalının yoxa çıxdığını bildirib:
“Digər yandan, Trampın Baydenin Ukrayna və bir sıra digər ölkələrdəki fəaliyyətləri ilə əlaqədar istintaqa başlama imkanı var. Demokratlar üçün bu, son deyil, Baydeni başqa biri ilə əvəz etmək çox çətin olacaq”.
Korobkov ayrıca Bayden seçiləcəyi halda, ABŞ-ın vitse-prezidenti vəzifəsinə qadın təyin edəcəyini söyləyərək, siyasi manevr üçün meydanını daraltdığını bildirib:
“Qadın siyasətçilərdən heç biri amerikalılar arasında və hətta Demokratlar arasında da geniş dəstək ala bilmir. Bayden belə bir vəd verərək partiya daxilindəki böyük bir blokla - feministlərlə sövdələşmə apardı. Sözü pozsa, səslərini itirəcək və sonu da budur”.
O xatırladıb ki, eyni zamanda Trampın mart ayının sonunda tarixi zirvələrə çatan reytinqləri yüksəlməkdə davam edir. Ekspert “Gallup”-un məlumatlarına istinad edir və qeyd edir ki, prezidentin pandemiya ilə mübarizə tədbirlərini dəstəkləyən vətəndaşların 60%-i Trampı yenə də ölkənin ən yüksək kürsüsündə görmək istəyir. Hətta Trampın Demokratların 27% tərəfindən dəstəklənməsi də, onun şanslarınn daha yüksək olduğunu göstərir.