Bağdad və Vaşinqton iyun ayında ABŞ qoşunlarının İraq ərazilərindən tamamilə çıxarılmasının konkret qrafikini müzakirə edəcəklər.
Teleqraf.com xəbər verir ki, bunu İraq ordusunun baş komandanının rəsmi nümayəndəsi general Abdel Kərim Xələf deyib.
K.Xələf bildirib: "Bağdad və Vaşinqton iyunda keçiriləcək danışıqlarda ABŞ qüvvələrinin İraqdan tamamilə çıxarılmasının qrafikini nəzərdən keçirəcəklər".
Onun sözlərinə görə, bu məsələ ilə əlaqədar ABŞ-İraq görüşlərinin keçirilməsi qərarı "ölkə parlamentinin xarici qoşunların İraqdan tamamilə çıxarılmasının zəruriliyi ilə bağlı qərarı" əsasında qəbul edilib.
K.Xələf vurğulayıb ki, ABŞ qoşunlarının İraqdan çıxarılmasından sonra iki ölkə arasında təhlükəsizliyin təmin edilməsi sahəsində əməkdaşlıq davam etdiriləcək.