28 Aprel 2020 12:45
39 093
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanı müharibənin qapısına qədər gətirən Şimali Koreya qapalı bir ölkədir. Ölkəyə girmək demək olar, mümkün deyil. Getməyi bacaranlar da, onları müşayiət edən xüsusi şəxslərlə gəzə bilirlər.

Kim Çen İn isə Şimali Koreya və bu qapalı ölkədəki insanların taleyindən daha çox müzakirə olunan bir şəxsdir. İndi də öldüyü iddiası ilə gündəmi zəbt edən koreyalı liderin həyatı qədər, verdiyi qərarlar və ölkəni idarəetmə üsulları da müəmmalıdır.

Teleqraf.com Şimali Koreya lideri Kim Çen In haqda yazını təqdim edir.

2011-ci ildə Şimali Koreya lideri Kim Çen İrin gözlənilməz ölümündən sonra növbə Kim Çenə Ina çatdı. Adı ilk dəfə 2010-cu ilin sentyabr ayında eşidildi. Qısa vaxtda adı taxtın varisi kimi çəkilməyə başladı.

Dünya Kim Çen Inın ən dəqiq fotosunu atasının nəşini daşıyan avtomobilin yanında yeriyərkən gördü. O, atasının üçüncü həyat yoldaşından doğulub. Doğum tarixi dəqiq məlum olmasa da, 1984-cü il yanvarın 8-də anadan olduğu bildirilir.

Saxta pasportla İsveçrədə

Əslində Kim Çen Inın yerinə digər iki qardaşından birinin – ya Kim Çen Çxol, ya da Kim Çen Namın keçməsi gözlənilirdi. Amma Kim Çen Nam 2001-ci ildə saxta pasportla Yaponiyada Disneylanda gedərkən ələ keçdi. Kim Çen Çxolun isə homoseksual olması Çen Inın hakimiyyətə yolunu açdı.

Kim Çin In Bern şəhərindəki Lebefeld məktəbində saxta pasportla təhsil alıb. Qərb mədəniyyətinin təsirinə düşməməsi üçün məktəbdən sonra vaxtını koreyalı rəsmilərinin gözləri qarşısında keçirmişdi. Amma buna baxmayaraq, onu tanıyan məktəb yoldaşlarına görə, Çen In kompüter oyunlarına, basketbol və idman geyimlərinə maraq göstərirdi.

Müğənni həyat yoldaşı

Gənc diktatorun evli olduğu məlumdur. 2012-ci ilin iyul ayında Şimali Koreya telekanalları Kim Çen Inın Ri Sol Ju ilə evləndiyini açıqladı. Keçmiş müğənni olan Sol Ju qısa saçı, cazibədar bədəni, dəbli geyimləri ilə qısa vaxtda dünya mediası tərəfindən maraqla qarşılandı. Həmin dönəmdə ölkənin birinci xanımının tez-tez əri ilə kameralar qarşısına çıxması Kim Çen Inın babası və atasından fərqli siyasət yürüdəcəyi iddiasının yayılmasına yol açdı. 2013-2014-cü illərdə Kim Çen Inla görüşən amerikalı keçmiş basketbolçu Dennis Rodmana görə, cütlüyün bir qızı var.

Bibisinin ərini edam etdirdi

Heç bir siyasi və hərbi təcrübəsi olmamasına baxmayaraq, atasının taxtına oturan Kim Çen Inın ölkəni Kommunist Partiyasının nüfuzlu şəxsləri ilə birlikdə idarə edəcəyi ehtimal olunmuşdu. Bu nöqtədə bibisi və onun ərinin adları ön plana çıxdı. Amma ölkənin ikinci ən güclü şəxsi hesab olunan bibisinin əri Çan Son Txek 2014-cü ildə edam olundu.

Vətənə xəyanətdə ittiham olunan Txekin 120 ac köpəyə yedirdildiyi iddia edildi. Kim Çen bundan sonra bibisini siyasət meydanından uzaqlaşdırdı. Txeklə yanaşı, yüzlərlə diplomat, hərbçi və partiya yetkilisini edam etdirən Kim Çen Inın ölkədə yeganə söz sahibi şəxs olduğu deyilir. Şimali Koreya liderinin 2018-ci ildə müdafiə naziri Xyon Yon Çxolu iclasda yatdığı üçün edam etdirdiyi irəli sürülmüşdü.

Ət düşkünü

Babası Kim İr Senə bənzəmək və anasından gələn yapon simasından qurtulmaq üçün estetik əməliyyatlar keçirdiyi deyilən Kim Çen Inın saç modeli dünyada böyük bir populyarlığa sahibdir. Yediyi salatın mikroskopla incələndiyi söylənilən Şimali Koreya liderinin, eyni zamanda, ət düşkünü olduğu bildirilir.

İki il əvvəl həddən çox ət yediyinə və spirtli içki qəbul etdiyinə görə, yeriməkdə çətinlik çəkməyə başladı. Bir müddət əsa ilə gəzən diktatorun mədə kiçiltmə əməliyyatı olduğu ehtimal edilir. İsveçrənin məşhur pendiri emmental və kürünü də sevən Kim Çen Inın gün ərzində iki şüşə sampan şərabı içdiyi söylənilir.

Ölkədə hər beş ildən bir seçkilər keçirilir, əlbəttə bir namizəd iştirak edir. 2017-ci ildə baş tutan son seçkilərdə Kim Çen In səslərin 100 faizini alaraq özünə qalib gəlib.

Ri Sol Junun müəmmalı həyatı

İlk dəfə 2012-ci ildə Şimali Koreya lideri Kim Çen Inın həyat yoldaşı kimi diqqət çəkən Ri Sol Ju haqda mediada çox az məlumat var. Dövlət tədbirləri və bayram mərasimlərinə çox qatılmayan Ri Sol Junun gözlərdən uzaq bir həyatı var. Cənubi Koreya kəşfiyyatının məlumatına görə, Ri Sol Ju 29 yaşında üç uşaq anasıdır. O, sonuncu dəfə iki il əvvəl Kim Çen Inın Cənubi Koreyanın dövlət başçısı Mun Çje İnlə görüşündə görünüb. Gənc birinci xanımın göründüyü azsaylı tədbirlərdən biri Pxenyan Əyləncə Parkının açılışı olub.

Kim və Rinin tam olaraq nə vaxt evləndiyi məlum deyil. Bəzi mənbələrə görə, Kim Çen In və Ri Sol Junun nikahı 2009-cu ildə rəsmiləşib. Digər bir iddiaya görə isə, cütlük 2010-cu ildə klassik musiqi konsertində tanış olub. Amma Ri Sol Junun Kim Çen Indan əvvəlki həyatı tamamilə gizli saxlanılır. Cənubi Koreya mənbələrinə görə, Ri Çində musiqi təhsili alıb. 2005-ci ildə Şimali Koreyaya qayıdıb. Şimali Koreyanın birinci xanımı ilə bağlı digər məlumat, Rinin bahalı dəb zövqünün olması ilə bağlıdır.

Gizlədilən birinci xanım

Mediada yer alan fotolara görə, Şimali Koreya xalqı qıtlıqdan əziyyət çəkərkən, Kim Çen Inın həyat yoldaşı ultra lüks çantalar gəzdirir. Habelə Rinin üçüncü uşağı ötən il dünyaya gəldiyinə görə, vaxtının çoxunu ona ayırdığı iddia edilir. Cənubi Koreya mediası, Rinin bundan əvvəlki iki uşağının da, qız olduğunu ehtimal etmişdi. Bu səbəbdən də, Kim Çen Inın hakimiyyəti ötürməsi üçün bir oğlan uşağının olmasını istədiyi bildirilir. Digər yandan, Kim Çen Inın öz həyat yoldaşını çox da göz önündə saxlamaması təkcə ona xas olan bir davranış deyil. Atası Kim Çen İr də, heç vaxt həyat yoldaşını xalqla tanış etməmişdi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər