Böyük Britaniya və Avropanın qitə dövlətləri arasında sürətli dəmiryol əlaqəsi həyata keçirən “Eurostar” kompaniyası koronavirus infeksiyasının yayılması səbəbindən mayın 4-dən başlayaraq bütün sərnişinlərin tibbi maska taxmalı olduğunu açıqlayıb.
Teleqraf.com xəbər verir ki, şirkətin məlumatına görə, sərnişinlər ağız və burunlarını örtən istənilən maskanı taxa bilər.
Belçikada mayın 4-dən, Fransada isə mayın 11-dən başlayaraq 12 yaşdan yuxarı bütün vətəndaşlar üçün nəqliyyatda tibbi maskalardan istifadə məcburi olacaq.
La-Manş boğazının altından keçən Avropa tunelinin operatoru olan “Eurostar” kompaniyası London, Paris, Lill, Brüssel, Amsterdam arasında sürətli dəmiryol əlaqəsi həyata keçirir.