Dariqa Nazarbayevadan sonra senator vəzifəsini tutan Maulen Aşimbayev Qazaxıstan Parlamenti Senatının (yuxarı palata) yeni spikeri seçilib.
Teleqraf.com xəbər verir ki, bu barədə ölkə prezidentinin mətbuat katibi Beriq Kurmanqali bildirib.
“Maulen Aşimbayev Qazaxıstan Respublikası Senatının sədri seçildi”, – deyə Kurmanqali Feysbukda yazıb.
Bu gün Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Prezident Administrasiyası rəhbərinin keçmiş müavini M.Aşimbayevi Senatın deputatı təyin edib.
Qazaxıstan Konstitusiyasına əsasən Senat spikeri vəzifəsi prezident postundan sonra ikinci yerdə dayanır. Prezident vəzifədən vaxtından əvvəl azad edildiyi və ya vəzifəsindən kənarlaşdırıldığı, vəfat etdiyi təqdirdə onun səlahiyyətləri Senatın sədrinə keçir.
Maulen Aşimbayevin 49 yaşı var.