Belarus Prezidenti Aleksandr Lukaşenko məmurları və tibb işçilərini respublikada “isteriya” olmadan və sakit şəkildə COVID-19 pandemiyasına qarşı mübarizə aparmağa çağırıb.
Teleqraf.com xəbər verir ki, Lukaşenko bu barədə hökumət üzvləri və prezident administrasiyasının rəhbərliyi ilə görüşdə deyib.
“Qoy bu istiqamətdə isteriyasız, sakitcə işləsinlər”, - ölkə başçısı vurğulayıb.
Əlavə edib ki, yaxın gələcəkdə bu sahədə iş sistemi müxtəlif səviyyələrdə izləniləcək.
Eyni zamanda, Lukaşenko, yalnız koronavirusa deyil, sətəlcəm xəstəliyinə də diqqət yetirməyə çağırıb:
“Ötən gün əmr verdim ki, mənə təkcə COVID-19-la bağlı yox, sətəlcəmlə bağlı da dərhal hesabat verin. Çünki bu hər yerdə var və bir nömrəli problemdir”.
Lukaşenko həmçinin qeyd edib ki, ölkədə artıq iki-üç həftə əvvəl olduğu kimi, sətəlcəm xəstəliyinə tutulma hallarında artım yoxdur.