15 May 2020 14:19
4 110
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan hakimiyyəti NATO-ya üzv olmaq cəhdlərindən əl çəkmir. Şimali Atlantika alyansına üzv olmaq 18 ildən artıqdır ki, onların əlçatmaz xəyalıdır. Belə ki, Gürcüstan ilk dəfə məhz 18 il qabaq ölkəni hərbi blokun sıralarına qəbul etməyi xahiş edib. Məsələ həll olunmamış qalır, lakin son vaxtlar Gürcüstan və NATO tərəfindən nəzərəçarpan irəliləyişlər qeydə alınır. Belə ki, respublikada NATO-nun komanda-qərargah məntəqəsinin inşasına başlanılıb və Tiflis alyansın kibertəhlükəsizlik platformasına qoşulub.

Teleqraf.com xəbər verir ki, bu fikirlər Rusiya mətbuatında yer alan bir yazıda öz əksini tapıb.

Qeyd olunur ki, martın əvvəlində Tiflis yaxınlığında NATO-nun yeni, müasir komanda-qərargah mərkəzinin inşasına başlanılması ilə əlaqədar təntənəli mərasim keçirilib. Bu, Gürcüstan üçün demək olar ki, bayram idi. Obyektin 2022-ci ilə qədər təhvil verilməsi planlaşdırılır və bundan dərhal sonra NATO-Gürcüstan təlimlərinin başlayacağı gözlənilir. Mərkəz də elə beynəlxalq və daxili qərargah təlimi mərkəzi kimi nəzərdə tutulub. Bir neçə gün əvvəl Gürcüstan Müdafiə Nazirliyi NATO-nun kibertəhlükəsizlik platformasına qoşulub, bu çərçivədə ölkələr zərərli proqramlar haqqında məlumat mübadiləsi aparırlar. Bu vaxtadək NATO üzvü olmayan yalnız bir ölkənin – Finlandiyanın bu platformaya çıxışı var idi.

Bildirilir ki, bir ay əvvəl ölkənin baş naziri Georgi Qaxariya Gürcüstanın NATO üzvlüyünə layiq olduğunu söyləyib.

“Çünki Tiflis Qara dəniz bölgəsinin təhlükəsizliyinin təmin olunmasına əhəmiyyətli töhfə verir. Qara dəniz bölgəsi isə Qərbi düşmən ölkələrdən, o cümlədən Rusiyadan qoruyan buferdir”, – deyə baş nazir bildirib. Ekspertlər isə qeyd edirlər ki, Gürcüstan tərəfi bununla bir daha alyans rəhbərliyinin diqqətini cəlb etməyə və ABŞ-dan maddi yardım almağa çalışır.

Antirusiya ritorikasından isə Gürcüstan bloka qoşulma şansını artırmaq, eləcə də daxili siyasi problemləri həll etmək üçün istifadə edir.

Lakin yazıda qeyd olunur ki, birincisi, NATO-ya üzv olmaq üçün ölkənin ərazi mübahisələri olmamalıdır. Gürcüstanın isə Cənubi Osetiya və Abxaziya kimi belə mübahisələri var. İkincisi, Tiflisin Şimali Atlantika alyansına daxil olması istər postsovet respublikalarında, istərsə də Avropada yaxşı başa düşülən Qafqazdakı güc balansını dəyişdirməsi qaçılmaz olacaq. Onsuz da postsovet məkanının ən kəskin problemli bölgələrindən biri olaraq qalan Dağlıq Qarabağ problemini – Ermənistan və Azərbaycan arasında gərginliyi daha da artıracaq.

Bu fonda politoloqlar hesab edirlər ki, Gürcüstanın alyansa qoşulma perspektivi şübhəlidir – baxmayaraq ki, ABŞ-ın Gürcüstan ərazisinə münasibətdə aşkar hərbi maraqları var. Onun üçün də bu psevdoəməkdaşlıq qurulur. “Amerika Gürcüstanın NATO-ya can atma istəyini manipulyasiya edərək, ondan strateji məqsədləri üçün istifadə edir. ABŞ Gürcüstan ərazisini İrana qarşı hərbi əməliyyat üçün istifadə etməkdə maraqlıdır. Hətta, 2019-cu ilin yayında Gürcüstan hakimiyyətinin ABŞ hərbi bazasının ölkədə yerləşdirilməsi üçün platsdarm hazırladığı məlum olmuşdu. Eyni zamanda başa düşmək lazımdır ki, NATO-nun Gürcüstandan hücumu halında Tehran Gürcüstan sərhədləri daxilinə və mülki əhaliyə zərbə vuraraq qisas almaqdan çəkinməyəcək”, – deyə yazıda bildirilir.

Məqalənin sonunda deyilir:

“Yeri gəlmişkən, Gürcüstan cəmiyyətində ölkə rəhbərliyinin NATO-ya can atmaq istəyi birmənalı şəkildə dəstəklənmir. Bunu sosioloji sorğular da təsdiqləyir. Ölkə əhalisinin yaşlı nəslinin nümayəndələrinin dörddə biri, gənclərin isə təxminən beşdə biri buna qəti şəkildə etiraz edir. Şimali Atlantika alyansı ilə siyasi oyunların mənfi nəticələrini hiss etməyə başladığı zaman buna qarşı olan mülki Gürcüstan əhalisinin sayının dəfələrlə daha çox olacağı istisna olunmur”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər