6 İyun 2020 09:05
2 160
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müşavirləri gecə onu qoyub gedirlər. Onları heç nə narahat etmir. Qocalıq hələ ona yaxınlaşmayıb – bu, Kremldəki həmin gəncdir. Balıq ovuna çıxır, üzür, konki sürür, risk və manevrlər edir, özü ilə fəxr duyur. Ancaq müşavirləri payız küləyinin yaxınlaşdığını ona söyləmirlər.

Teleqraf.com xəbər verir ki, bu fikirlər Səudiyyə Ərəbistanında nəşr olunan və ərəb dünyasının ən böyük nəşrlərindən sayılan “Aşarq Əl-Əvsət” (Asharq Al-Awsat) qəzetinin baş redaktoru Həsən Şarbalın müəllifi olduğu yazıda əksini tapıb.

“Huawei” dövründə “Hmeymim”” adlanan yazıda müəllif Rusiyanın xarici siyasətinə dair strategiya quran Vladimir Putinin düşüncə qatarını təqdim etməyə çalışıb.

Yazıda deyilir: “General COVID-19 onun ölkəsinə soxularkən o, təəccüblənmədi. Onda rusların yenilməzliyinə olan inam sarsılmazdır və o, bir az qəmgin şəkildə gülümsəyirdi. Özü-özünə deyirdi ki, Rusiyada koronavirusu Bonapartı və Hitleri gözləyən aqibət gözləyir. Napoleonun toplarına Moskva Kremli ətrafında qar yağması onda əminlik yaradırdı. Hərbi paradlar faşizm üzərində qələbəni yada salırdı, sanki “yoldaş” baş katibin dönəmləri geri qayıdırdı.

Ekspertlərin fikrincə, onun vəziyyəti çox da çətin deyil və təcrübəli boksçu kimi o, Atlantik və Avropa ruhuna – “rəngli inqilablar”a və “Qardaşlıq” üsyanına (Rusiyada fəaliyyəti qadağan olunmuş “Müsəlman qardaşlar” hərəkatı nəzərdə tutulur-red.) bir neçə zərbə endirməyi bacarıb. Mütəxəssislər, həmçinin, onun beş il əvvəl Suriyaya müdaxiləsinin yerli rejimi xilas etdiyini və sözügedən ölkənin ikinci Əfqanıstana çevrilməsindən xilas olduğunu yazırlar. Ancaq o, oradakı müharibədə qalib gəldiyini, lakin sülh bağlamadığını, yəni resurslarının tükənməyə davam etdiyini analitiklərdən yaxşı anlayır.

İmic korlanır, status aşağı düşür və müəyyən bir qərara müdaxilə etməyə qadir, lakin birtərəfli şəkildə qayda-qanun yaratmağın mümkün olmadığı növbəti regional gücə çevrilmək təhlükəsi var”.

Müəllif bildirir ki, Rusiyanın Suriya məsələsinin həllinə dair baxışı yoxdur və Suriya Rusiyanın problemlərinin həlli deyil: “O, etibarlı və nüfuzlu müttəfiq olduğu təəssüratı yaratmağı bacardı. Əsəd rejiminin taleyi daha tükdən asılı deyil, ən azı bu gün. Ancaq rejimin sağ qalması bir, normal həyata dönmək isə başqa bir şeydir. O, Donald Tramp administrasiyasının “rusların əlində olan” Suriyada vəziyyətin destabilizasiyası üçün təxribatlar törətməyə cəhd edəcəyindən narahatdır.

Destabilizasiya isə iqtisadi və digər problemlərin sayının artması, ölkənin rekonstruksiyasının iflasa uğraması və Suriya arenasından investorların geri çəkilməsi deməkdir. Bu yanaşmanın nəticəsi iki həftə ərzində Suriya, Rusiya və İranın müvafiq reaksiyaları ilə “Sezar qanunu”nun qüvvəyə minməsi olacaq. İraqlılar və livanlılar da Amerikanın sanksiya qılıncı ilə qarşılaşacaqlar. Yəqin ki, Türkiyə və İranın müdaxiləsi və İsrailin hücumları fonunda rejimin döyüş ruhunu qaldırmaq üçün o, Dəməşqdəki səfirinə prezidentin elçisi statusu verməyi qərara aldı və Rusiyanın hərbi mövcudluğunu genişləndirmək üçün Suriya hakimiyyəti ilə danışıqlara başlamağı tələb etdi. Bu hərbi mövcudluğun kulminasiyası Suriya ordusuna MiQ-29 təyyarələrinin tədarük edilməsidir”.

Bildirilir ki, koronavirusdan əvvəlki dünya Putin üçün komfortlu idi: “Onun Krım, Suriya və Ukraynadakı siyasətinin nəticələrindən, yeni raket istehsalından və Qırmızı ordunun görünüşünün cilalanmasından məmnun olduğunu söyləyə bilərik. Ancaq post-koronavirus dünyasında payız küləyi artıq regional dosyelərə toxunur.

O, son günlərdə şübhələrə düçar olub və onları dağıtmağa tələsir. Bəlkə o, bilərəkdən uduzulmuş döyüşlər aparır? İkinci dərəcəli döyüşlərdə iştirakla ölkəsinin ehtiyatlarını tükəndirmirmi? Sovet yaralarını sarımaq əvəzinə Den Syao Pinin mirasından dərs almalı deyilmi? Ona Hmeymimdə hərbi baza yaratmaqla öyünmək əvəzinə “Huawei” kimi aparıcı şirkət qurmaq lazım deyildimi? “Facebook”, “Huawei” və “Ali Baba” dünyadakı dördüncü sənaye inqilabının həqiqi nəhəngləridir, buna görə də dünyanı hərbi arsenalınızla qorxutmaq qətiyyən yetərli deyil. Siz mütləq iqtisadiyyatınızı kor etməli və kənd evlərində yoxsulluqdan qaçmaq və şəhər xarabalıqlarından qurtulmaq üçün texnoloji tərəqqidən istifadə etməlisiniz”.

Yazıda daha sonra bu fikirlər qeyd olunur: “Gecələr o, Kremldə gəzir. Onu düzgün olmayan istiqamətə doğru aparan döyüşlərdə iştirak etdiyindən qorxur. Qorxur ki, sonradan tarix kitablarında onun sovet zabiti formasından xilas ola bilmədiyini və zamanla ayaqlaşmağı bacarmadığını yazacaqlar. O, tarixə müraciət edir və bu onu həyəcanlandırır. Müəllimi Yuri Andropovun iki düşərgədə sovet qüdrətini qorumağı bacarmadığına görə onu cəzalandıracağından qorxur. O, Stalinin qəzəbindən qorxur, axı Maonun varisləri sovet rəhbərinin varislərini üstələyiblər.

Kremldə keçirdiyi iki onillikdən sonra o, evə arvadlarının yanına qayıdan və gülümsəyən yorulmuş müşavirlərini daha çox əks etdirir. Onların ən böyük çətinliyi nədir? Öz taleyini başqalarının taleyi ilə əlaqələndirməkdən daha çətin nə ola bilər? İşığa doğru hərəkət etmək yaxşıdır, amma başlıcası yanmamaqdır.

Müşavirlərinin koronavirusun dünyanı bürüməsinin əsl mənasını başa düşmədiyini güman edə bilərikmi? Onun kölgəsində gedən qızğın döyüşlərin əhəmiyyətini onların başa düşməməsi mümkündürmü? Payızın erkən çağlarının dünyanı idarə edən heyətə necə zərbə vuracağını və ABŞ-Çin münasibətlərinə yeni şurada yerlər ayıracağını dərk etmədiklərini güman eləmək ağla sığırmı?

Çox güman ki, müşavirlər hər şeyi başa düşürlər, sadəcə danışmırlar. Putin gülümsəyir. Prezidentlə danışmaq nə qədər çətindir! Onu məyus etmək nə qədər ağırdır! Müşavir bütün dünyanın koronavirusun Donald Tramp və Si Cinpin üçün düzənlədiyi boks turnirini izlədiyini söyləsə o nə edəcək? Bu, birinci və ya ikinci yer uğrunda döyüşmək hüququnu itirdiyinə görə rus çarının tamaşaçı kimi dəvət olunduğu Amerika generalı ilə Çin imperatoru arasındakı həlledici raunddur.

Belə hiss yaranır ki, bir çox ölkələr bu ilin payızında ABŞ-da keçiriləcək prezident seçkilərinin nəticələrini gözləyir. Pekin Trampın Oval ofisi tərk etməsini görmək istəyir. Çünki o, özü üçün hər zaman “Çin təhdidi” görmüşdü. Bu barədə onun frazaları, tvitləri, müharibə xəbərdarlıqları və Çin mallarına rüsum tətbiq etmək kimi tədbirləri var.

General COVID-19 Çin-Amerika münasibətlərindəki əncir yarpağını götürəndə hadisələr fərqli şəkil aldı.

Koronavirus payızın erkən gəlişindən əziyyət çəkən dünya idarə heyətinin tərkibini dəyişdirmək üçün uzun və bahalı mübarizəni özündə gizlədərək pərdəni açdı. Qarşıdurma qeyri-adi olacaq və bir çox cəbhələrdə açılacaq. Dövlətlər əziyyət çəkəcək, şirkətlərin qanı axacaq. Nəticələri gözləyərkən tamaşaçılar birinci cərgədə Kremlin sahibini, Almaniya kanslerini, Yelisey sarayından olan gənci və Dauninq-strit, 10 ünvanında yaşayan döyüşçünü (Fransa Prezidenti Emmanuel Makron və Böyük Britaniyanın Baş naziri Boris Conson nəzərdə tutulur-red.) görə biləcəklər.

Bu səhnənin yaxınlaşması Putini əsəbiləşdirir. Onu tarix həyəcanlandırır. Rusiya – roman müəlliflərinin xatırlatdığı kimi soyuq, lakin Kremldəki çarları unudan bir ölkədir".


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər