Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov iyunun 24-də Moskvadakı Qızıl Meydanda keçiriləcək qələbə paradına hansı ölkə liderlərinin gələcəyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, D.Peskov yüksək səviyyəli qonaqlar arasında Belarus, Bosniya və Herseqovina, Qazaxıstan, Qırğızıstan, Moldova, Serbiya, Tacikistan və Özbəkistan rəhbərlərinin adlarını çəkib.
Paradı izləmək üçün Moskvaya, həmçinin, qondarma Abxaziya və Cənubi Osetiya başçıları da təşrif buyuracaq.
Paradda Müstəqil Dövlətlər Birliyinin icraçı katibi, Avrasiya İqtisadi Komissiyasının idarə heyətinin sədri və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi də iştirak edəcək.
D.Peskovun sözlərinə görə, Kremldə bir sıra xarici liderlərin parad üçün Moskvaya gələ bilməməsinə anlayışla yanaşırlar.
O qeyd edib ki, bəzi xarici liderlər ilk növbədə koronavirus səbəbiylə “başqa ölkələrdə davam edən bu və ya digər məhdudiyyətlər”ə görə gələ bilməyəcəklər.